"Şuşa bəyannaməsi" Azərbaycan və Türkiyəni regionda və dünyada olan təhlükəsizlik təhdidlərindən qoruyur - Hikmət Babaoğlu (ÖZƏL)

"Şuşa bəyannaməsi" Azərbaycan və Türkiyəni regionda və dünyada olan təhlükəsizlik təhdidlərindən qoruyur - Hikmət Babaoğlu (ÖZƏL)

Bakı. TurkicWorld:

"Şuşa bəyannaməsi" Azərbaycan və Türkiyəni regionda və dünyada olan təhlükəsizlik təhdidlərindən qoruyur.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

"15 İyun Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixində bir dönüş nöqtəsidir. Əgər biz formal müstəqilliyimizə 1991-ci ildə qovuşduqsa, həqiqi müstəqilliyimizə yalnız 15 İyun Qurtuluş günündən sonra qovuşa bildik. Çünki Azərbaycan dövləti milli iradəni təmsil edən və milli maraqları qoruya biləcək hakimiyyətə qovuşdu. O vaxta qədər baş verənlər isə Azərbaycan xalqını vətəndaş müharibəsinə kimi gətirib çıxarmışdı. 15 İyun tarixindən sonra müasir, güclü, inkişaf edən və qalib olacaq Azərbaycanın təməlləri atılıb", - deyə deputat bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra məhz həmin gündə qardaş Türkiyə ilə Azərbaycan arasında "Şuşa bəyannaməsi'nin imzalanması iki qardaş ölkə arasında bir tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Çünki bu bəyannamə Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, müttəfiqliyinin və "Bir millət, iki dövlət" olma fəlsəfəsinin hüquqi, siyasi əsaslarını yaradacaq bir hadisə idi. Yəni "Şuşa bəyannaməsi" bu günə qədər heç bir iki dövlət arasında imzalanmış müttəfiqlik müqaviləsinə bənzəmir.

"Bu müqavilə tamamilə, özünəməxsusluğu və çoxşaxəli olmağı ilə seçilən bir bəyannamədir. Çünki bu bəyannamə iki qardaş ölkənin hərbi-siyasi təhlükəsizliyindən tutmuş, iqtisadi, mədəni, humanitar sahədə, informasiya texnologiyaları və təhsil sahəsində, digər bütün sferalarda əməkdaşlığını özündə ehtiva edir. "Şuşa bəyannaməsi" təkcə bu gün yox, Azərbaycan və Türkiyənin gələcək fəaliyyətlərinin təminatçısıdır. Eyni zamanda, hər iki ölkəni regionda və dünyada olan təhlükəsizlik təhdidlərindən qoruyur. Bu səbəbdə "Şuşa bəyannaməsi" regionumuza inkişaf vəd edir", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Aytac Əliyeva

Twitter: a_alieva_