Azərbaycanla regional və çoxtərəfli müstəvidə sıx əlaqələri dəstəkləyirik - Malta Prezidenti

Azərbaycanla regional və çoxtərəfli müstəvidə sıx əlaqələri dəstəkləyirik - Malta Prezidenti

Bakı. TurkicWorld:

Malta Respublikası ilə Azərbaycan Respublikası arasında uzunmüddətli ikitərəfli əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə ikitərəfli əməkdaşlığın yeni imkanlarını müəyyənləşdirmək üçün bundan sonra da birgə çalışacaqlar.

TurkicWorld xəbər verir ki, bu fikirlər Malta Respublikasının Prezidenti Corc Vellanın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

Dövlətimizin başçısına və Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə Malta xalqı və öz adından səmimi təbriklərini çatdıran Corc Vella əlavə edib: “Malta Azərbaycan ilə regional və çoxtərəfli müstəvidə, o cümlədən BMT və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində sıx əlaqələri dəstəkləməkdə davam edir. Qlobal sülhün, təhlükəsizliyin və rifahın təşviqinə sadiq olan Malta hazırda beynəlxalq ictimaiyyətin üzləşdiyi bir sıra çağırışların həlli yollarının tapılacağına inanır. BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi Malta təşkilatın Nizamnaməsinin əsas prinsiplərini dəstəkləməklə belə çağırışlara qarşı mübarizədə öz rolunu oynamaqda qərarlıdır”.