Azərbaycan Prezidentinin post-müharibə dövründə uğurlu diplomatik siyasəti Ermənistanın tam tərk-silah olmasına gətirib çıxardı – Musa Quliyev (ÖZƏL)

Azərbaycan Prezidentinin post-müharibə dövründə uğurlu diplomatik siyasəti Ermənistanın tam tərk-silah olmasına gətirib çıxardı – Musa Quliyev (ÖZƏL)

Bakı, TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin post-müharibə dövründə doğru, real, uğurlu, diplomatik siyasət yürütməsi Ermənistanın və onun havadarlarının tam tərk-silah olmasına gətirib çıxardı, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyanın cəmi 4-5 il ərzində həm fikirlərində, həm davranışında olan dəyişiklik Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun və Azərbaycan dövlətinin gücünün hesabına baş vermiş bir transformasiyadır. Əgər 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilməsəydi, N.Paşinyana və erməni siyasi-hərbi elitasına layiq olduqları yeri göstərilməsəydi, təbii ki, bu cür bəyanatlar səslənməyəcəkdi. İstənilən halda, əgər N.Paşinyana Tehrandan, Fransadan, Moskvadan, Vaşinqtondan edilən təsirlər azalarsa və yaxud aradan qalxarsa qısa müddət ərzində Ermənistan və Azərbaycan arasında daimi sülh müqaviləsinin imzalanmasının, o cümlədən 10 noyabr 2021-ci il üçtərəfli bəyanatda nəzərdə tutulan bütün bəndlərin həyata keçirilməsinin, Zəngəzur koridoru daxil olmaqla kommunikasiyaların yaranmasının şahidi olarıq”, - deyə o əlavə edib.

Millət vəkilinin sözlərinə görə, N.Paşinyanın artıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və son dövrlərdə dəqiqləşdirərək 86.6 min kvadrat kilometr ərazini tanıması faktı o deməkdir ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu həm siyasi, həm diplomatik, həm də hüquqi yolla etiraf edir.

“Daha Ermənistanın Qarabağ və Azərbaycana ərazi iddiaları qalmır. Bundan əlavə, Ermənistan bu bəyanatı ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qazax rayonu ərazisinin və Naxçıvanın Kərki kəndinin də Azərbaycana məxsus olduğunu etiraf edir. Hesab edirəm ki, bu ilin sonuna qədər biz sülh müqaviləsini imzalamağa nail olacağıq və Ermənistanla Azərbaycan arasındakı diplomatik və iqtisadi əməkdaşlıq barədə də düşünmək üçün əlverişli zəmin və şərait yaranmış olacaq”, - deyə M.Quliyev bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan 22 may tarixində açıqlamasında 86 min 600 kvadrat kilometr Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisinin də daxil olduğunu bildirib.

Ləman Əsədli
Lamanasadli01