Paşinyan erməni xalqını sülh müqaviləsinə hazırlayır – Orxan Amaşov (ÖZƏL)

Paşinyan erməni xalqını sülh müqaviləsinə hazırlayır – Orxan Amaşov (ÖZƏL)

Bakı TurkicWorld

Paşinyan erməni xalqını sülh müqaviləsinə hazırlayır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Orxan Amaşov deyib.

Politoloq qeyd edib ki, Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

“Brüsseldə Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin 14 may tarixindəki görüşündən sonra Şarl Mişelin bəyanatında ilk dəfə dəqiq qeyd olundu ki, Ermənistan Azərbaycanın 86.6 min kvadrat km ərazi üzərində, Azərbaycan isə Ermənistanın 29.8 min kvadrat km ərazisi üzərində suverenliyini və ərazi bütövlüyünü tanıyır”.
O, bu çıxışı bir irəliləyiş adlandırıb:

“Çünki 86.6 min kv.km ərazi dedik də, Azərbaycanın Qarabağ və anklavlar üzərində suverenliyi də tanınmış olur. Bu, Paşinyan tərəfindən “Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazıram” ifadəsidir. Bunun hansısa formada yazılı sənədə köçürülməsinə ehtiyac var. Problemli məsələ ondan ibarətdir ki, prinsipial şəkildə ərazi bütövlüyünün tanınması önəmlidir, amma sərhədlərin delimitasiya və demorkasiyası istiqamətində gedən proses mürəkkəb olacaq. Müxtəlif xəritələr var, - Sovet xəritələri, Topoqrafik xəritələr, hərbi xəritələr”.

Orxan Amaşov bildirib ki, hərbi xəritələr daha dəqiqdir:

“Ermənistan daha çox topoqrafik xəritələrin istfadə olunmasının tərəfdarıdır. Bu istiqamətdə də proses mürəkkəb olacaq. Paşinyan Qarabağda yaşayan ermənillərin hüquq və təhlükəsizlikləri ilə bağlı məsələnin beynəlxalq mexanizim çərçivəsində həllinin tərəfdarıdır. Azərbaycan da buna haqlı olaraq etiraz edir. Beynəlxalq mexanizim olmayacaq, Paşinyan yenə də bunun labüdlüyünü sübut etməyə çalışacaq. Amma son nəticədə beynəlxalq mexanizimdən də imtina etməli olacaq”.

Müsahibimiz deyib ki, hazırki vəziyyətdə Azərbaycan mövqeyinə uyğun ifadələr işlətməyini gözləməli deyilik:

“Təbii ki, onun bu cür bəyanatları normaldır. Paşinyan erməni xalqını sülh müqaviləsinə hazırlayır. Ermənistanın nöqteyi nəzərindən yanaşsaq, Qarabağda yaşayan ermənilər taleyin ağuşuna buraxılmayıblar. Ermənistan onların hüquq və təhlükəsizliklərinin müdafiəsi istiqamətində addımlar atıb, beynəlxalq mexanizmə cəhd edir. Hazırki proses bu istiqamətdədir.

Çox güman ki, Moskvada 25 may tarixində liderlər görüşəndə, Brüsseldə əldə olunmuş razılıqlar orada da öz təsdiqini tapacaq. Zəngəzur dəhlizi ilə bağlı yeni fikirlər ifadə olunacaq. Çünki Brüsseldəki məntiq kommunikasiya xətləri üzərində suverenlik prinspinin tanınması əsasındadır. Bu da Rusiyanın maraqlarına uyğun deyil. Çünki üçtərəfli bəyanatın 9-cu maddəsinə uyğun olaraq onların nəzarət elementi var.

Ola bilər ki, hər hansı bir ortaq formula işlənib hazırlansın. Rusiyanın maraqları və Brüsseldəki məntiq də nəzərə alınsın. Burada dəqiq cavab yoxdur. Rusiya Zəngəzur dəhlizi üzərində nəzarətdən imtina etmək istəmir və buna ciddi şəkildə müqavimət göstərəcək. Ümumilikdə hər şey Azərbaycanın nəzərdə tutduğu son nəticəyə doğru gedir. Sadəcə, proses nisbətən yavaş hərəkət edir. Fikrimcə, dinamika may ayında artıb”,- deyə politoloq bildirib.

Mehriban Xəlilli

@MXalilbekova