Bakı, TurkicWorld
İfrat sağçı İngilis Müdafiə Liqasının lideri Stephen Yaxley-Lennon İngiltərədəki etirazların əsas təşkilatçısı olaraq təsbit edilib.
TurkicWorld xəbər verir ki, İngiltərədə müsəlmanların və miqrantların hədəf alındığı irqçi etiraz aksiyalarının təşkilatçısı ilə bağlı yeni faktlar ortaya çıxıb.
Britaniya və Yunanıstan mətbuatında çıxan xəbərlərə görə, əsl adı Stephen Yaxley-Lennon olan, lakin ictimaiyyət arasında Tommy Robinson kimi tanınan ifrat sağçı İngilis Müdafiə Liqasının lideri Cənubi Kipr Rum Administrasiyasında tətildə olarkən İngiltərədə miqrantlara qarşı baş tutan insidentləri qızışdırıb.
Bildirilib ki, ötən bazar ertəsi ona qarşı açılan iş üzrə məhkəmə iclasına gəlməyən Robinson məhkəmə qərarını pozmaqda günahlandırılıb.
Məhkəmə prosesi zamanı Cənubi Kipr Rum Administrasiyasında tətildə olarkən görüntüləri üzə çıxan Robinson üçün Yunan polisi İngiltərə hüquq-mühafizə qüvvələri ilə əlaqə saxlayıb və mümkün ekstradisiya tələbində kömək etməyə hazır olduqlarını bildirib.
Cənubi Kipr Rum Administrasiyasındakı beşulduzlu oteldən İngiltərəni ayağa qaldıracaq təxribat xarakterli sosial media mesajları göndərdiyi üzə çıxdıqdan sonra o, öz X sosial media hesabında,"Artıq adada deyiləm. Bəxtim gətirib ki, Kiprdə deyiləm, elə deyilmi?", - məzmunlu paylaşım edib.