Bakı, TurkicWorld
Bəzi Avropa ölkələri İsrailin bölgədəki təcavüzünü pisləməməklə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Təl-Əvivə qarşı təsirli və çəkindirici qərarlar qəbul etməsinə mane olmaqla faktiki olaraq bütün diplomatik kanalları bağlayıb.
Bakı, TurkicWorld xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini Əli Baqiri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə olan telefon görüşməsində deyib.
Görüşdə Baqiri İsrailin bölgədəki hücumlarını və HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyyənin Tehranda öldürülməsinin səbəbkarı olduğunu açıqlayıb və bu sui-qəsdi “İranın milli suverenliyinə hücum” kimi qəbul etdiklərini bildirib.
Bəzi Avropa ölkələrinin İsrailin beynəlxalq hüquqa zidd terror aktlarına səssiz qaldığına diqqət çəkən Baqiri, "Bu vəziyyət Təl-Əvivdəki cinayətkar dəstənin təkəbbürünün güclənməsinə, bölgədə gərginlik və etibarsızlığın yayılmasına səbəb oldu",-deyə əlavə edib.
Avstriyanın xarici işlər naziri Schallenberg isə bölgədəki gərginliklə bağlı narahatlığını ifadə edib.
Schallenberg bəyan edib ki, bütün tərəflər təmkinli olmalı və gərginliyi azaltmaq üçün bütün diplomatik imkanlardan istifadə etməlidirlər.