Bakı, TurkicWorld
İran hökuməti, qadınlar üçün məcburi hicabla bağlı yeni və daha sərt qanunun icrasını müvəqqəti olaraq dayandırıb.
TurkicWorld xəbər verir ki, bu addım, 2022-ci ildə Mahsa Amininin ölümü ilə başlayan və ölkə miqyasında geniş etirazlara səbəb olan hicab məcburiyyətinə dair müzakirələrin ardınca gəlib.
Məlumata görə, mübahisəli qanun layihəsi, bu həftə hökumətə təqdim olunmalı idi, lakin vitse-prezident Şehram Dabiri "Ham Meyhan" qəzetinə açıqlamasında qanunun qüvvəyə minməsinin dayandırıldığını təsdiqləyib.
2023-cü ilin sentyabrında Parlament tərəfindən təsdiqlənən qanun, hicab taxmayan qadınlara və onların işlədiyi müəssisələrə qarşı sərt cəzalar nəzərdə tuturdu. Lakin İranın islahatçı liderləri, xüsusilə Prezident Məsud Pezeşkian, Qərblə davam edən sanksiyalar və nüvə proqramı danışıqları fonunda bu cəza tədbirlərinin ölkədə əlavə gərginlik yaratmasından ehtiyatlanır.
Vitse-prezident Dabiri açıqlamasında, "Müzakirələrə əsasən, parlamentin bu qanunu hələlik hökumətə təqdim etməməsi qərara alınıb." - qeyd edib.