Bakı, TurkicWorld
İranın neft naziri Möhsün Paknejad 2025-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) dövrü sədri seçilib.
Bu barədə TurkicWorld İran KİV-ə istinadən məlumat verib.
Ötən gün (10 dekabr) OPEC-in 189-cu iclasının video-konfrans formatında keçirilməsindən sonra yerli mediaya açıqlama verən İranın neft naziri Möhsün Paknejad bildirib ki, OPEC-in iclasında bir sıra önəmli qərarlar, o cümlədən, İran neft nazirinin OPEC-in dövrü sədri seçilməsi haqda qərar verilib.
Paknejad qeyd edib ki, OPEC-in katibliyinin büdcəsi haqda məsələlər müzakirə olunub və büdcə bütün üzvlər tərəfindən təsdiqlənib. Öz üzvlük haqqını ödəməyən bəzi üzvlərin tez bir zamanda ödəniş etmələri qeyd olunub.
İranlı nazir büdcənin dəyərini açıqlamayıb.
O əlavə edib ki, OPEC-in baş katibi Heysəm əl-Qeys üç il müddətinə yenidən öz vəzifəsini yerinə yetirəcək.
"2025-ci ildə OPEC-in dövri sədri olaraq öhdəliyimi tam şəkildə yerinə yetirəcəyəm. Həmçinin, OPEC-də birliyin qorunması və qeyri-OPEC şəriklərimizlə əməkdaşlığın davam etdirilməsi istiqamətində çalışacağam", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda OPEC-in 12, OPEC+ alyansının 12 üzvü var.
Əlavə edək ki, İranın bütün karbohidrogen ehtiyatı 1,2 trilyon bareldir. İran mövcud texnologiya avadanlıqları ilə onun 340 milyard barelini çıxara bilər. İran təxminən 30%-dən istifadə edə bilər və 70% yer altında istifadəsiz qalır.