Bakı, TurkicWorld
Almaniya İsrail parlamentinin (Knesset) Fələstin dövlətini rədd etməsindən narahatdır.
TurkicWorld xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer Berlində verdiyi açıqlamada deyib.
"Biz Knessetin əksəriyyətinin Fələstin dövlətinin yaradılmasına qarşı çıxmasından narahatıq. Bu qərar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının bir çox qətnamələrinə ziddir. Beləliklə, İsrail beynəlxalq ictimaiyyətin böyük əksəriyyətindən uzaqlaşır və özünü təcrid edir.” – deyə o bildirib.
Fişer qeyd edib ki, İsrailin qərarı məcburi deyil, lakin bu, İsrailin qanuni təhlükəsizlik maraqlarını fələstinlilərin öz müqəddəratını təyinetmə hüququ ilə uzlaşdırmaq səyləri baxımından geriləmə deməkdir.
O vurğulayıb ki, Almaniya hökuməti üçün fələstinlilərin hüquqlarını da təmin edən iki dövlətli həllə alternativ yoxdur.
“İsrailin təhlükəsizliyi yalnız iki dövlətli həll yolu ilə uzunmüddətli perspektivdə təmin oluna bilər. İsraillilər kimi, fələstinlilərin də öz müqəddəratlarını təyin edə biləcəkləri dövlətdə təhlükəsizlik və ləyaqət içində yaşamaq hüququ var.” – deyə Fişer əlavə edib.
Xatırladaq ki, iyulun 18-də İsrail parlamentində “Fələstin dövlətinin yaradılmasına qarşı çıxmaq” təklifi 68-ə qarşı 9 səslə qəbul edilib.
Mayın 28-də İspaniya, Norveç və İrlandiya, 4 iyunda isə Sloveniya Fələstin dövlətini tanıyıb.
Hafiz Rufizoğlu