Bakı, TurkicWorld:
Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində yeddi nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
TurkicWorld xəbər verir ki, Katsina əyalət polisinin sözçüsü Əbubəkr Aliyu Sadiq bildirib ki, motosikletli silahlı şəxslər vilayətin Maidabino kəndinə gələrək ətraf ərazilərə atəş açıblar.
Sadiq qeyd edib ki, hücumda yeddi nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Sadiq hadisə ilə bağlı istintaqın başlanıldığını bildirib.
Digər tərəfdən, yerli media hücumda onlarla insanın qaçırıldığını bildirib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP-ın hücumları ilə üzləşib.
Qeyd edək ki, ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.
Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.