Bakı. TurkicWorld :
Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlarda 12 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, Katsina-Ala bölgəsi üzrə millət vəkili Jonathan Agbidye (Conatan Aqbidye) açıqlamasında bildirib ki, Benue əyalətinin Katsina-Ala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.
Aqbidye hücumda 6 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib. Çoxlu adamın qaçırıldığını deyən Aqbidye, silahlı şəxslərin rayon sakinlərindən ərzaq məhsulları oğurladığına diqqət çəkib.
Milli mətbuatda yer alan xəbərlərdə Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücumda biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilib.
Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.
Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə tələb etmək üçün adam oğurluğu hallarına tez-tez rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.
Nigeriya silahlı dəstələrə və terrorizmə qarşı mübarizə çərçivəsində 50 yeni döyüş təyyarəsi alacaq.
Katsina əyalətində qurulan yeni hərbi obyektlərin açılışında iştirak edən Nigeriya Hərbi Hava Qüvvələri komandanı Hassan Bala Əbubəkr bildirib ki, ölkənin alacağı yeni təyyarələr arasında 24 M-346 döyüş təyyarəsi, 12 AW109 çoxməqsədli helikopter və bir cüt Casa 295 nəqliyyat təyyarəsi yer alır.
Təyyarələrin gələn ilə qədər təhvil verilməsinin gözlənildiyini bildirən Əbubəkr, “Təyyarələr son illərdə şimal-qərb və mərkəzi əyalətlərdə silahlı hücumlar həyata keçirən terrorçulara və silahlı dəstələrə qarşı mübariz məqsədiylə istifadə olunacaq” deyib.
Əbubəkr təyyarələrin hansı ölkədən alınacağı ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, təhlükəsizlik problemlərinin artdığı Nigeriya terror qruplaşmalarına qarşı mübarizə çərçivəsində daha əvvəl Türkiyə və ABŞ-dan döyüş təyyarələri almışdı.