Son dəqiqə

İsrail ABŞ Yəmən Husilər

Husilər iki gəmini və bir ABŞ esminesini vurub

Bakı, TurkicWorld:

Dünyada xəbər oxumayan, dinləməyən və baxmayanların sayı artır. Xəbərləri izləməkdən uzaqlaşmağın ən mühüm səbəbi dərc edilən xəbərlərin üzücü, qəddar və darıxdırıcı görünməsidir.

TurkicWorld xəbər verir ki, bu barədə Oksford Universiteti Reuters İnstitutunun dərc etdiyi 2024-cü il üçün Rəqəmsal Xəbər Hesabatında məlumat verilir.

Hesabata görə, dünyada təxminən hər 10 nəfərdən 4-ü (39 faiz) xəbərlərdən uzaq durduğunu deyir. Bu göstərici 2017-ci ildə 29 faiz olub.

Hesabatın müəllifləri deyirlər ki, Ukrayna və Yaxın Şərqdəki müharibələr insanların xəbərlərdən uzaq durmaq istəməsini dəstəkləyib.

Hesabatda vurğulanan digər məqam isə xəbərlərdən yayınma səviyyəsinin rekord həddə çatmasıdır.

Qeyd edək ki, bu ilki hesabat üçün YouGov araşdırma şirkəti 47 ölkədə 94 943 yetkin insandan müsahibə götürüb. Görüşmələr bütün dünyada milyardlarla insanın milli və regional seçkilərdə sandıq başına getdiyi bir vaxta həyata keçirilib. Hesabat üçün aparılan araşdırmada, seçkilərin ABŞ da daxil olmaqla bir sıra ölkələrdə xəbərlərə marağı artırdığını, lakin ümumi tendensiyanın aşağıya doğru davam etdiyini göstərib.

Hesabata görə, qadınlar və gənclər ətrafdakı xəbərlərin çoxluğuna, intensivliyinə görə özlərini yorğun hiss etmə ehtimalları daha çoxdur.

Hesabat üçün aparılan araşdırmalar xəbərlərə inamın 40 faiz səviyyəsində sabit qaldığını, lakin bu nisbətin koronavirus pandemiyasının ən yüksək olduğu dövr ilə müqayisədə 4 faiz azaldığını göstərib.

Oksford Universiteti Reuters İnstitutunun 2024-cü il Rəqəmsal Xəbər Hesabatında, televiziya və çap mediası kimi ənənəvi xəbər mənbələrinin auditoriyasının son 10 ildə kəskin şəkildə azaldığı, gənclərin xəbərləri internet və ya sosial media vasitəsilə almağa üstünlük verdiyi bildirilib.

Hesabatda həmçinin o da qeyd edilir ki, TikTok dünya üzrə yüksəlişdədir və Böyük Britaniya da daxil olmaqla bəzi ölkələrdə ilk dəfə X-i (keçmiş Twitter) qabaqlayıb. Belə ki, Böyük Britaniyada 18-24 yaşlı gənclərin 23 faizi xəbərləri izləmək üçün TikTokdan istifadə edir.

Mövzuya görə xəbərlər