Bakı. TurkicWorld:
Böyük Britaniyada yüz minlərlə insan Qəzza üçün milli yürüş keçirib.
TurkicWorld xəbər verir ki, İngiltərənin paytaxtı Londonda küçələri dolduran yüz minlərlə fələstinli tərəfdar nümayişçi, İsrailin hücumları altında olan Qəzzada təcili atəşkəs çağırışı ilə 11-ci dəfə milli yürüş keçirib.
Nümayişçilər, tarixi Fələstin torpaqlarında İsrail işğalına qarşı müqavimət simvoluna çevrilən 30 Mart Torpaq Gününün 48-ci ildönümündə paytaxtda Rassel meydanına toplaşıb.
Onlar əllərində Fələstin bayraqları və pankartlarla şəhərin mərkəzindəki məşhur Trafalqar meydanına doğru gediblər.
Nümayişçilər Qəzzada soyqırımın dayandırılmasını istəyib, Britaniya hökumətini İsrailə silah satdığına görə "soyqırımda şərik olmaqda" günahlandırıb və silah ixracının tez bir zamanda dayandırılmasını tələb ediblər.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.
Hafiz Rufizoğlu