Baku,TurkicWorld
Fələstin prezidenti Mahmud Abbas bildirib ki, Fələstin rəhbərliyinin prioriteti İsrailin Qəzza zolağının Rəfah şəhərinə potensial hərbi hücumunu dayandırmaqdır.Abbas , təxminən 1,5 milyon məcburi köçkün fələstinli Qəzzanın cənubundakı Rəfah şəhərində amıqnacaqlı vəziyyətdə olduğunu bildirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , “Bizim prioritetimiz İsrail işğalçı qüvvələrinin Rəfaha hücumunu dayandırmaqdır” deyən Abbas, oradakı hərbi əməliyyatın “humanitar fəlakətə” səbəb olacağı barədə xəbərdarlıq edib.
Abbas beynəlxalq ictimaiyyəti hücumun qarşısını almaq üçün daha çox səy göstərməyə, İsraili Fələstin ərazisinə təcavüzünü dərhal dayandırmağa məcbur etməyə və humanitar yardımın anklava daxil olmasına icazə verməyə çağırıb.
Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu hollandiyalı həmkarı Mark Rutte ilə görüş zamanı, deyib ki, Ordunun Rəfaha daxil olması müharibənin məqsədlərinə çatmaq üçün lazımdır.
Netanyahu ölkəsinin yardım əməliyyatlarına zərər vermədən Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rolundan imtina etmək niyyətini təsdiqləyib.
Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 430-u uşaq, 8 min 900-ü qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 71 mindən çox adam isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.







