Bakı. TurkicWorld:
Beynəlxalq ictimaiyyət, xüsusən də Bayden administrasiyası Fələstinli mülki əhalinin qətliamına görə tam məsuliyyət daşıyır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Qəzza Hökumətinin Media Ofisinin bəyanatında bildirilib.
"Biz bütün dünya ölkələrinə, bütün ərəb və islam ölkələrinə, Ərəb Dövlətləri Liqasına və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək, İsrailə işğalı dayandırmaq üçün təzyiq göstərməyə, dərhal və təcili müdaxilə etməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.