Son dəqiqə

İsveç Qurani-Kərim

İsveç Quranı yandıran İraqlı vətəndaşını deportasiya edib

Bakı. TurkicWorld:

Son aylarda İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.

TurkicWorld-un məlumatına görə, bu barədə İsveç İmmiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tenqrot deyib.

O bildirib ki, Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsi var və bu tarixdən sonra yaşayış və iş icazəsi verilməyəcək, Momika deportasiya ediləcək.

"Biz onun yaşamaq və iş icazəsi üçün viza ərizəsində həmin şəxsin yalan ifadələr verdiyini aşkar etdik və bu səbəbdən onu deportasiya etmək qərarına gəldik. Həmin şəxsə 5 il müddətinə İsveçə giriş qadağan edildi" – deyə o qeyd edib.

Məlumat üçün qeyd edək ki, Momikanın deportasiya qərarından şikayət edəcəyi və işi İmmiqrasiya Məhkəməsinə aparacağı gözlənilir.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi və İraq bayrağını tapdalayaraq islam dinini təhqir edib.

11-12 avqust tarixlərində isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər