Son dəqiqə

Fələstin İsrail UNİCEF

UNİCEF İsraili uşaqlara qarşı zorakılıqdan çəkinməyə çağırıb

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) İsraili işğal olunmuş Fələstin ərazisinin Cenin şəhərində “uşaqlara qarşı zorakılıqdan çəkinməyə və silahlı zorakılığa dərhal son qoymağa” çağırıb.

TurkicWorld-un məlumatına görə, UNİCEF-in Yaxın Şərq və Şimali Afrika direktoru Adele Khodr tərəfindən edilən yazılı açıqlamada, UNİCEF-in Cenin bölgəsində son günlər artan şiddətdən dərin narahat olduğu bildirilib.

Bəyanatda bütün tərəflər “uşaqların yaşamaq hüquqlarını qorumağa, uşaqlara qarşı zorakılıqdan çəkinməyə və silahlı zorakılığı dərhal dayandırmağa” çağırılıb. UNİCEF, uşaqların da həlak olduğu, yüzlərlə ailənin didərgin düşdüyü, qaçqın düşərgələrində su və elektrik xidmətlərinin kəsildiyi hücumlarda çoxlu sayda insanın yaralandığını bildirib.

UNİCEF ilin əvvəlindən Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində artan zorakılıqlar nəticəsində 27 Fələstinli və 6 İsrailli olmaqla 33 uşağın öldürüldüyünü açıqlayıb.

Qeyd olunub ki, bu rəqəm artıq işğal altında olan Qərb Sahilində uşaqlar üçün 2004-cü ildən bəri "ən ölümcül il" hesab edilən 2022-ci ildən çoxdur.

Xatırladaq ki, İsrail ordusu iyulun 3-də işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsinə basqın edərək bölgəni mühasirəyə alıb. İsrail qüvvələrinin 48 saat davam edən havadan və qurudan şiddətli hücumlarında 4 uşaq və 12 fələstinli şəhid olub, 20-si ağır olmaqla 120 nəfər yaralanıb.

Mövzuya görə xəbərlər