Bakı. TurkicWorld:
İspaniyanın Barselona şəhərində yerləşən Müqəddəs Ailə Kilsəsinin (La Sagrada Familia) inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranıb. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihə rəhbəri memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlayıb. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir.

1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşıb, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik edib. Gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılıb. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlib. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
1892-ci ildə Qaudi Mövlud fasadı üzərində işə başlayıb. 1910-cu ildə gələcəkdə inşa olunacaq mərkəzi fasadın yerində müvəqqəti kilsə məktəbinin binası tikilib. Bu tikili nadir konstruksiyaya malikdir.
1911-ci ildə memar, İsa peyğəmbərin edamından bəhs edən fasadın planını hazırlayıb. Lakin onun tikintisinə yalnız Qaudinin ölümündən sonra başlanılıb. 1925-ci ildə isə 100 metrlik zəng qülləsi inşa edilib. Bu, dahi memarın yaşadığı müddətdə inşa edilmiş yeganə zəng qülləsi olub.

Qaudinin ölümündən sonra inşaata onun tələbəsi Domenek Suqranes rəhbərlik edib. O, üç yeni zəng qülləsi tikib, habelə bir sıra yeni layihələr də tərtib edib. Məbədin inşasına İspaniyada baş vermiş vətəndaş müharibəsi maneçilik törədib. Müharibə zamanı şəhərdə yanğın baş verib, nəticədə, məbədin planlarının əksəriyyəti məhv olub.
Məbədin tikintisi XX əsr boyu davam edib, bu dövrdə bir sıra tikililər başa çatdırılıb, o cümlədən İsanın edamına həsr edilmiş fasadın inşası sona yetib. Planlara əsasən, yaxın illərdə iki qüllə inşa edilməli, 170 metr hündürlüyündəki qüllələrdən birinin üzərinə nəhəng xaç yerləşdirilməlidir. Bunlardan əlavə, daha dörd qüllə də ucaldılacaqdır. Layihəyə əsasən, məbədin inşası 2035-ci ildə tamamilə başa çatdırılacaqdır.

Məbəd beşnefli abidədir. Son layihəyə əsasən, kilsənin on səkkiz qülləsi olmalıdır. Bu qüllələrin on ikisi həvarilərə həsr edilib. Hündürlükləri 110 metrədək olacaqdır. Qalan dörd 120 metrlik qüllə İncil müəlliflərinə həsr edilib. Onlar Həzrət İsanın adını daşıyan ən hündür və ondan bir qədər alçaq olan Həzrət Məryəm qülləsinin ətrafında ucalıb. İncil müəlliflərinin qüllələri, onların simvolları olan heykəllərlə (Matvey-mələk, Luka-buzov, Mark-şir, Yəhya-qartal) bəzədiləcəkdir. Həzrət İsanın qülləsi nəhəng xaçla tamamlanacaqdır. Memar Qaudinin planına əsasən, kilsə Barselona yaxınlarındakı Monjuik dağından alçaqda olmalıdır. Digər qüllələr isə Yevxaristiyanın simvolu sayılan sünbül və üzüm tənəyinin heykəlləri ilə bəzədiləcəkdir.

Qaudinin sağlığında inşa edilmiş Mövlud fasadı Xristianlığın üç əsasını: iman, ümid və mərhəməti xatırladan üç portaldan ibarətdir. Bu portallar Həzrət İsanın həyat səhnələrini canlandıran müxtəlif heykəllərlə bəzədilib. Məsələn, ümid portalında "Həzrət Məryəm və Yusifin nişanlanması", "Misirə qaçış", iman portalında "Yelizavetanın Həzrət Məryəmlə görüşü", "Həzrət İsa fariseylərin əhatəsində", "Qüds məbədinə giriş", "Həzrət İsa dülgər emalatxanasında çalışarkən", digər portalda isə "İsanın doğulması", "Sehrbazlar və çobanların iman gətirməsi", onlardan aşağıda isə Həzrət İsanın dünyaya gəlişini elan edən mələklərin şeypur çalması mövzularında heykəllər ucaldılıb.

Qum təpələrinə bənzəyən zəng qüllələrinin hərəsi bir həvariyə həsr edilmişdir. Onların heykəlləri bu qüllələrdə ucaldılıb. Qaudi bu qüllələrin yuxarı hissəsində zəngləri yerləşdirməyi nəzərdə tutmuşdu. Hər qüllədə yuxarıdan aşağıya doğru latın dilində "Allaha həmd olsun" (Hosanna Excelsis) sözü yazılıb. Burada habelə üzərində yepiskopluq simvolları üzük, mitra, əsa və xaç təsvir olan şpillər ucalır. Kilsənin bir çox yerində Bibliya mətnlərindən istifadə edilib, məsələn, Həzrət İsanın edamına həsr edilmiş fasadın qapısında bir Bibliya mətni bir çox dildə, o cümlədən də katalan dilində həkk edilib.
Qaudi hələ öz sağlığında məbədin daxili hissələrinə dair planlar hazırlayıb. Məhz onun layihəsinə əsasən, kilsənin daxilində düz xətlərə deyil, hiperboloid, ellipsoid, paraboloid kimi həndəsi fiqurlara üstünlük verilib. Bu fiqurlar ilk dəfə təqribən Qaudinin həyatının sonlarına doğru peyda olmağa başlayıb. Memar sütunları düz deyil, müəyyən əyilmiş variantda inşa etməyi nəzərdə tutub.

İnteryerin ən əsas detallarından biri uca sütunlardır. Onlar qübbənin əsas ağırlığını özündə daşıyır. Qaudinin memarlıq yeniliklərindən biri də həmin sütunların qübbəyə yaxınlaşdıqca "parçalanması" olub. Bu novator düşüncə qübbənin ağırlığını daşımaq zərurətindən doğub. Bundan başqa, məbədin daxilində xeyli sayda rəngbərəng şüşələrdən hazırlanmış vitrajlar da mövcuddur.
Qeyd edək ki, 2008-ci ildə İspaniyanın 400-dən çox məşhur ziyalısı məbədin inşasının əleyhinə çıxıblar. Onların fikrincə, tikinti prosesi zamanı Qaudinin düşüncələrinə zidd olaraq bir çox dəyişikliklər baş verməkdədir. Lakin məlum olub ki, bütün bunlar turistlərin marağını cəlb etmək üçün təşkil edilib.







