Son dəqiqə

Tarixi abidələr

Qazaxıstanın tarixi abidəsi - Tamqalı petroqlifləri

Bakı. TurkicWorld:

Qazaxıstanın Yeddisu şəhərində yerləşən Tamqalı arxeoloji landşaftının petroqlifləri qayaüstü incəsənətin ən qədim və ən diqqətçəkən abidələrindən biridir və 2004-cü ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısındadır. Abidə Almatı şəhərindən 170 km şimal-qərbdə yerləşir. Qazax və digər türk dillərində Tamqalı adı "boyalı və ya işarələnmiş yer" mənasını verir.

Burada 1950-ci illərin sonlarında tunc dövrünə aid çoxsaylı petroqliflərin olduğu ziyarətgah aşkar edilib və 1970-1980-ci illərdə öyrənilməyə başlanıb.

Açıq səma altında olan bu nadir ziyarətgah ötən əsrin ortalarında alimlərin diqqətini cəlb edib. 1957-ci ildə A.G. Maksimovanın rəhbərlik etdiyi Semirechensky qrupu tunc dövrünə aid bu abidəni araşdırıb. Komandada tədqiqatçı A.M. Orazbayev və məşhur arxeoloqların uşaqları olub. A.N. Mariyaşevin rəhbərliyi altında qaya sənəti tədqiqatçıları məktəbi yaradılıb.

Tamqalıda 48 sahə arasında paylanmış təqribən 5 min petroqlif var. I, II, III, IV və V olaraq təyin olunan ən vacib yerlərdən beşində təxminən 3 min qlif mövcuddur. Bu beş sahə kiçik Tamqalı kanyonunda cəmləşib. İkinci əhəmiyyətə malik digər 22 ərazinin hər birində isə 50-dən 100-dək nümunə var. Qalan sahələrin hər biri isə 1-dən 50-dək dəyişir və nümunələr bu sahələrdə geniş yayılıb.

Alimlər bu abidəni Andronovo mədəniyyətinə aid edirlər. Bu dövr öküz və at təsvirləri ilə xarakterizə olunur.

Çoxları bunun qədim məbəd olduğunu düşünür. İnsanlar bura dua etmək, öz tanrılarını və iki dünya arasındakı əlaqəni təsvir etmək üçün gəliblər.

Bəzi insanlar qayaüstü təsvirləri Hind-Aryan ənənələrinə, yəni Vedalara aid edirlər. A.G.Maksimova görə günəş tanrısı Surya və od tanrısı Aqni at, döyüş tanrısı İndra öküz, keçi tanrısı Mitra kosmik öküz kimi təsvir edilib.

B.A. Jeleznyakov kimi digər alimlər də bu fikirdədirlər ki, bunlar açıq səma altında olan teatrlardır.

Tamqalıda çertyojlardan əlavə sonradan tikilmiş qəbirlər də tapılıb. Bundan başqa, qədim türk dilində runik yazı ilə olan daşlar da var. Lakin abidənin bu hissəsi hələ də öyrənilməyib və turistlər üçün açıq deyil.

Tamqalı abidəsi hələ də bir çox sirləri özündə saxlayır və tədqiqatçıları gözləyir.

Mövzuya görə xəbərlər