Roma Kolizeyi Tarixi abidələr

Gözəllik ikonası Kolizeyin tarixçəsi

Bakı. TurkicWorld:

Roma Kolizeyi - Böyük Roma İmperiyasının ən qədim abidələrindən biridir. Onun böyüklüyü hətta onun adında da əks olunub, “kolizey” latın dilindən tərcümədə “böyük” mənasını verir. Nəhəng amfiteatr qladiator döyüşləri üçün nəzərdə tutulub. Bununla yanaşı, orada vəhşi heyvan döyüşləri, dənizçiliyə aid və müxtəlif digər oyunlar səhnələşdirilib.

Kolizeyin inşa edilməsi ideyası imperator Vespasianın ağlına İuda ərazisindəki qələbələrdən sonra gəlib, lakin tikinti 80-ci ildə imperatorun oğlu Tita tərəfindən başa çatdırılıb. İlk əvvəllər bura tikintinin sərmayəsinə pul ödəyən imperator sülaləsinin şərəfinə Flavian Amfiteatrı adlandırılıb.

Amfiteatr ellips formasında olub, uzunluğu 188 metr, eni isə 156 metr idi. Kolizeyin tikintisində 100.000 m3 mərmər travertin və bu blokları birləşdirmək üçün 300 ton dəmir sıxaclardan istifadə olunub. Kolizeyin divarlarının hündürlüyü 50 metrdir. Hər divar insanların giriş və çıxışı üçün eninə və üzükvarı düzəldilmiş keçidlər, tağlar və pilləkənlər ilə kəsişir. İkinci və üçüncü səviyyədəki tağlar abidənin bəzəyi hesab olunur.

Kolizey yan-yana yüksələn dörd hissədən ibarətdir. Birinci hissə ən aşağıda yerləşirdi və burada imperator, onun ailəsi və senatorlar əyləşib. Növbəti hissədə atlı dəstələrinə malik şəhər rəsmiləri, üçüncü hissədə isə Roma vətəndaşlığına sahib olan şəxslər əyləşib. Ən sonuncu hissədə isə aşağı təbəqənin nümayəndələri yer alıb.

Kolizeyə 50 000-dən çox insan yerləşib və tamaşaçıları pis hava şəraitindən qorumaq üçün Kolizeyin damında çadırlardan böyük tavan düzəldilib. Bu tavan yüzdən artıq dənizçinin köməyi nəticəsində yaradılıb.

Kolizeyin mərkəzində bütün oyunların keçirildiyi qədim arena yerləşib. Arenanın altında isə zindanlar, qazamatlar və vəhşi heyvanların saxlandığı qəfəslər olub.

Qədim Romanın simvolu olan Kolizeyin kədərli tarixçəsi var. 526-cı ildə Böyük Teodorixin ölümündən sonra Kolizey tərk edilib. Daha sonra isə məhvə doğru getməyə başlayıb. O qala, tikinti materiallarının əldə olunması üçün mənbə və hətta nitrat zavodu kimi də istifadə olunub. Bu abidəyə yenidən diqqəti yönəldən şəxs XIV Benedikt olub. Onun əmri ilə arenanın mərkəzində nəhəng xaç, ətrafında isə qurbangah sıraları yerləşdirilib. 1874-cü ildə onlar ləğv olunub, Kolizey müxtəlif sütunlarla bərkidilib və daxili pilləkənlər bərpa edilib.

Hal hazırda İtaliya hökuməti Kolizeyi diqqət mərkəzində saxlayır, belə ki, Kolizey Romanın başlıca ziyarət edilən məkanlarından biridir. Həmçinin o, İtaliyanın vizit kartı hesab olunur.

Layihəyə əsasən arkadaların bərpası və onların yeni sukeçirməz tərkiblə emalı reallaşdırılacaq. Bu yenidənqurma arenanın qədim döşəməsinə də aid olacaq.

2007-ci ildə Roma Kolizeyi “Dünyanın Yeddi Möcüzəsi”ndən biri seçilib.

Mövzuya görə xəbərlər