Bakı, TurkicWorld:
Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir.
Harda ki, qadın azaddır, fikri, düşüncəsi azaddır, savadlıdır, həmin qadın ən nəhəng kəşflərə imza ata, cəmiyyət üçün xeyirli ola və tərbiyəli övladlar yetişdirə bilər. Yox, əgər bir ölkənin qadını savadsız, öz hüquqlarını bilməyən, cahil biridirsə, onda vay o millətin halına.
İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşmasında, inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır.
Şanlı tariximizi vərəqləyərkən cəsur, qayğıkeş, mətanətli Azərbaycan qadınını dövrünün hər cür əzab-əziyyətindən öz ağılı, zəkası, biliyi, istedadı sayəsində qalib çıxdığının şahidi oluruq. Zaman keçdikcə əllərindəki soyuq silahlarını, biliyin silahı ilə əvəz etdiklərini, istedadları sayəsində uğur və nailiyyətlərə imza atdıqlarını, hədəf və ideyalarını həyata keçirdiklərini görürük.
XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada, belə demək mümkünsə, yeni gender münasibətlərinin kontekstini yaradıblar. Onlar adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər sosial fəal qadın qruplarının formalaşmasına dəstək olublar.
Zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.
Azərbaycan tarixinə adı şəxsiyyət kimi yazılan müxtəlif peşə sahibi, hökmdar, alim qadınların adını sadalamaq kimi bir fikrim yoxdur, amma ilklərə imza atan bəzi qadınların adını çəkməsəm olmaz... Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayeva, ilk azərbaycanlı kimyaçı qadın İzzət Orucova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya... Əminə Dilbazi, Şəfiqə Axundova və daha kimlər, kimlər…
Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar, müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar.
Bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.
Aytac Əliyeva
Twitter: a_alieva_