Son dəqiqə

Aytac Süleymanova

Dilin saflığının qorunmasında medianın rolu

Bakı, TurkicWorld

Dil, ümummilli dəyərlərin əsas faktorlarından hesab edilir. Belə ki, Azərbaycan xalqının milli-mədəni irsinin əsasını da Azərbaycan dili təşkil edir. Bu gün dünyada gedən qloballaşma prosesi yalnız Azərbaycanın iqtisadi sahələrində deyil, həm də mədəni sahələrində ciddi dönüş yaratmaqdadır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli şüurun yetkinləşməsi birbaşa Azərbaycan dilinin funksionallığını artırdı.

Müstəqillik dövrünün üstün cəhətlərindən biri də Azərbaycan dilinin fəaliyyətinə dövlətin birbaşa nəzarət etməsi oldu. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması və onun başqa nüfuzlu dillərlə eyni hüquqa malik olması təsbit edilmişdir. Son 28 ildə bu dil daha da inkişaf etmiş, onun lüğət tərkibi zənginləşmiş, qrammatik quruluşu xeyli cilalanmış, əsas üslubları daha da təkmilləşmişdir. Hazırda Azərbaycan dili ölkəmizdə elm və texnikanı, ədəbiyyat və mətbuatı, iqtisadiyyat və mədəniyyəti, bir sözlə, həyatımızın bütün sahələrini əhatə edən dövlət dili olaraq istifadə olunur.

Hər bir dövlət dilinin dövlətçilik atributlarından biri dövlətin siyasi, iqtisadi, mədəni fəaliyyətini cəmiyyətə çatdırmaq, praktik təşkilini təmin etməkdir. Dil vahidliyi prinsipi ünsiyyətin asanlaşmasına xidmət edir. Belə ki, idarədən, müəssisədən, ixtisasından asılı olmayaraq, istər şifahi, istərsə də yazılı şəkildə olan bütün rəsmi əməli nümunələr dövlət dilində aparılmalıdır. Dilin vahidliyi hesabına anlaşma maksimum təmin edilir, idarəçilik sistematik xarakter alır. Məhz bu səbəbdən dilin daşıyıcıları olan insanlar özləri bu işdə dövlətə yardımçı olmalıdırlar. Hər kəs öz kommunikativ fəaliyyətində bu mövzuya olduqca həssas yanaşmalı, ana dilinin saflığını qorumalı və inkişafına xidmət göstərməlidir.

Bəzən subyektiv səbəblərdən nitq mədəniyyətinin aydınlıq və anlaşıqlıq prinsipləri pozulur. Təəssüflər olsun ki, metro və şəhər küçələrində quraşdırılan reklam lövhələrində bəzən tərcümə qüsurlarına yol verilir. Kafe, restoran və mağaza adlarının dili korlanır, adları tamamilə əcnəbiləşdirilir. Milli adlandırmalara olduqca təsadüfi hallarda rast gəlmək olur. Yanaşmalarda fikir ayrılığı meydana gəlir.

Dil öz nüfuzunu və potensialını danışıqda və yazıda təzahür etdirir. Bu, dilin ictimai prinsipi hesab edilir. Yəni hamı dilin qayda-qanunlarına tam, eyni dərəcədə riayət etməlidir. Düzgün yazıb-oxumaq bütövlükdə cəmiyyətdən tələb edilir. Odur ki, orfoepik və orfoqrafik qaydalara dilin konstitusiya hüquqları çərçivəsində yanaşılmalıdır.

Dil siyasətinin ana xəttini təşkil edən məsələlərdən biri də mətbuatda ana dili problemlərinin işıqlandırılmasıdır. Azərbaycan dilinin keşiyində, ilk növbədə kütləvi informasiya vasitələri dayanır. Ana dilinin təmizliyi, saflığı uğrunda mübarizə aparan mətbuat orqanları onun yazı və tələffüz mədəniyyətini inkişaf etdirir, amma bəzən də ciddi nöqsanlara yol verirlər. Xüsusilə də televiziya kanallarının efirində nümayiş etdirilən elə verilişlər var ki, burada nəinki Azərbaycan ədəbi dilinin, heç danışıq dilinin normalarına da düzgün əməl edilmir.

Mətbuat dilinin ədəbi dilin təsnifi dairəsinə aid olduğu hamıya məlumdur. Təəssüf ki, bu, çox vaxt unudulur. Belə ki, ədəbi dildə işlənməsi yasaq edilən leksik vahid və ifadələrdən də istifadəyə yer verilir. Televiziya və radio kanallarında yayımlanan verilişlərdə iştirakçılar danışıq zamanı dialekt və şivələrdən geniş istifadə edirlər. Təəccüblüsü budur ki, aparıcılar bu norma pozuntusuna ya reaksiya vermir, ya da özləri məlumatsız olduqları üçün bu cür halları normal qəbul edirlər.

Bəzi hallarda isə qəzet-jurnal məqalələrində ədəbi dilin fonetik normasının orfoqrafik variantının kəskin pozulma halı müşahidə edilir.

Bundan əlavə, metro dayanacaq məntəqələrində, vaqonlarda lövhələrə yapışdırılan elan və reklam mətnlərində orfoqrafik qaydalara düzgün əməl edilməməsi hallarına tez-tez rast gəlinir. Metroların danışıq cihazları vasitəsilə əhaliyə tövsiyə xarakterli və digər məzmunlu müraciətlərində orfoepik normalara – düzgün tələffüz qaydalarına riayət edilmir. Məsələn, sol tərəfi keçid üçün boş “saxlıyın” əvəzinə “saxlayın”, “tələsmiyin” yerinə “tələsməyin”, “oturmuyun” deyil, “oturmayın” şəklində tələffüz edilir.

Son dövrlərdə ana dilində internet dili formalaşdırılır. Bu barədə strateji düşüncələr planlaşdırılır, informasiya axtarışları Azərbaycan dilində aparılır. Amma Azərbaycanda internetin özünəməxsus anadilli axtarış sistemləri təəssüf ki, hələ bir o qədər də inkişaf etməyib. Gənclər üçün internetdə Azərbaycan dilində fundamental mahiyyətə malik informasiya resursları olduqca azdır. Azərbaycanda internet inkişaf etdikcə, milli axtarış resursları da təsis edilərək, güclü axtarış sistemlərinə çevriləcək.

Məlumdur ki, dilin lüğət tərkibinin zənginləşmə yollarından biri də alınma sözlərdir. Alınma sözlər dili nəinki zənginləşdirir, həm də ifadəsinə ehtiyac olan məfhumların adlandırılması işini də təmin edir. Alınma sözlərdən zərurət olduqda, istifadəsinə ciddi ehtiyac yarandığı təqdirdə işlətmək məqsədyönlü sayılır.

Dilin saflığının qorunması dövlətin və aidiyatö qurumların hər zaman diqqət mərkəzində olmalıdır. Xüsusilə vurğulamalıyıq ki, mətbuat sahəsində çalışan əməkdaşların dilə təəssübkeşliyi və sevgisi ictimai sferada daha açıq şəkildə təzahür edir.

Müxtəlif mətbu orqanlarında: qəzet və jurnal məqalələrində, televiziya kanallarında ana dili ilə bağlı müxtəlif məsələlər, xüsusilə qüsurlar və s. aşkarlanıb, dərhal ictimaiyyətin diqqətinə çatdırılır. Belə insanların canfəşanlığı ana dili ilə bağlı yaradılmış qurumların fəaliyyətini nəinki üstələyir, hətta onları kölgədə qoyur. Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış qrammatik quruluşu, zəngin leksik fondu və geniş ifadə imkanları vardır.

Aytac Əliyeva

Mövzuya görə xəbərlər