Bakı,TurkicWorld
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndə heyəti 25-27 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən IX Dünya İnvestisiya Forumunda iştirak edib.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Qətər Dövlətinin birgə təşkilatçılığı ilə “Gələcəyə investisiya” mövzusunda keçirilən forum dayanıqlı inkişaf, beynəlxalq investisiyaların təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərinə həsr olunub.
Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin forumda iştirakı Azərbaycanın turizm sektorunun investisiya potensialının tanıdılması, turizm və rekreasiya zonaları çərçivəsində beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması və potensial investorlarla əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.
Forum çərçivəsində investisiyaların təşviqində rəqəmsal yanaşmalar, mədəni və yaradıcı sənayelərə investisiyaların cəlb edilməsi, yaradıcı ekosistemlərin investisiyaya hazırlığı, eləcə də iqlim, təbiət və rifah naminə əməkdaşlıq mövzularına həsr olunmuş sessiyalar keçirilib. Müzakirələrdə maliyyə resurslarına və beynəlxalq bazarlara çıxış, institusional əməkdaşlıq, dayanıqlı infrastrukturun inkişafı və yerli icmalar üçün iqtisadi imkanların yaradılması məsələləri diqqət mərkəzində olub.
Forum zamanı keçirilən görüşlərdə və fikir mübadilələrində Azərbaycanın turizm və rekreasiya zonalarında turizm, qonaqpərvərlik, sağlamlıq və rekreasiya, eləcə də mədəni və yaradıcı fəaliyyətlər sahələrində mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. İnvestorlar üçün xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq təcrübə mübadiləsi, özəl investisiyaların cəlb edilməsi və ekoloji dayanıqlılığı dəstəkləyən infrastrukturun inkişafı potensial əməkdaşlıq istiqamətləri kimi müzakirə olunub.
Qeyd edək ki, IX Ümumdünya İnvestisiya Forumu geosiyasi gərginlik, iqtisadi parçalanma və sürətli texnoloji dəyişikliklər şəraitində qlobal investisiya məsələlərinin müzakirəsi üçün dövlət qurumlarının, investorların, biznes liderlərinin və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirir. Forum çərçivəsində investisiya siyasəti, süni intellektə investisiyalar, dayanıqlı maliyyə və biznes, iqlim və ətraf mühit, okeanların qorunması, investisiyaların təşviqi, xüsusi iqtisadi zonalar, sahibkarlıq, turizm və mədəniyyət kimi istiqamətlər üzrə tədbirlər və müzakirələr keçirilir.







