Son dəqiqə

44 bədii filmi

“44” filmi tamaşaçılara Vətən müharibəsinin bütün gedişatını yenidən yaşamaq imkanı bəxş edir - Fəxrəddin Manafov "Tofiq Abbasovla Dialoq" verilişində

Bakı,TurkicWorld

"44" filmi tamaşaçılara Azərbaycanın Vətən müharibəsinin bütün gedişatını yenidən yaşamaq imkanı verən hadisəyə çevrilib.

Bu barədə Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov "Baku Network" ekspert platformasında yayımlanan "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin efirində bildirib.

Aktyor filmin premyerasında iştirak etdiyini söyləyib.

"Mən zalda əyləşmişdim və bir an belə diqqətim yayınmadı. Bütün 44 gün ərzində Prezident İlham Əliyev bu və ya digər rayonun, kəndin və ya şəhərin azad edildiyini hər dəfə elan edəndə göz yaşlarımı saxlaya bilmirdim. Bu gənclər məni 44 günün hər birindən keçirdilər – mən bütün bu yolu yenidən qət etdim. Üstəlik, Şuşanı gördüm – bu, möhtəşəm idi", – deyə Fəxrəddin Manafov bildirib.

Xalq artistinin sözlərinə görə, filmin çəkilişlərinə mindən çox insan cəlb olunub. Onların bir çoxu gənclər, eləcə də əvvəllər heç vaxt kino çəkilişlərində iştirak etməyən şəxslər olub.

F.Manafov diaspor xətti ilə etdiyi səfərlərdən aldığı şəxsi təəssüratlarını da bölüşüb.

"Mən Avropada və Türkiyədə azərbaycanlılarla keçirilən görüşlərdə tez-tez iştirak edirəm. Bu səfərlər zamanı başı dik danışdığımı fərqinə vardım. Bizə bu imkanı Prezident, Ali Baş Komandan İlham Əliyev və şəhidlərimiz bəxş edib", – deyə o bildirib.

Verilişin aparıcısı Tofiq Abbasov isə insanların şüuruna yönəlmiş mənalar uğrunda mübarizə – koqnitiv müharibənin davam etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu müharibədə faktların yenidən yazılmasına, təcavüzkarın törətdiyi əməllərin ört-basdır edilməsinə, eləcə də Xocalı soyqırımının, Ermənistandan təxminən 300 min azərbaycanlının qovulmasının və itkin düşmüş 4 min soydaşımızın taleyinin susdurulmasına cəhdlər göstərilir.

Verilişin tam videoyazısını oxucuların diqqətinə təqdim edirik:

Mövzuya görə xəbərlər