Bakı,TurkicWorld
Bakı Prosesi çərçivəsində indiyədək altı forum keçirilib. Bu il forumların 15-ci ildönümünü qeyd edirik.
TurkicWorld-un müxbiri xəbər verir ki, bu fikirləri bazar ertəsi Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov 27–29 oktyabr tarixlərində keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
"İlk forum 2011-ci ildə keçirilib. Ötən dövrdə forumların miqyası və iştirakçı dairəsi genişlənib. Bu platforma hökumətləri, beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını, media nümayəndələrini, gəncləri və dini liderləri bir araya gətirib",-deyə o qeyd edib.
F.Cəfərov bildirib ki, Builki forum "Parçalanmış dünyada körpülərin qurulması" mövzusuna həsr olunub:
"Mövzu ölkələr və cəmiyyətin müxtəlif qrupları arasında davam edən bərabərsizliklər və qarşıdurmalar nəzərə alınaraq müəyyənləşdirilib. Məqsəd cəmiyyətin müxtəlif təbəqələrini, hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək ortaq məsələləri müzakirə etməkdir", – deyə o əlavə edib.
Nazirlik rəsmisi qeyd edib ki, forum oktyabrın 27-də rəsmi olaraq başlayacaq. Forum çərçivəsindəki tədbirlərə isə artıq start verilir.
"Bakı Prosesinin ilkin məqsədi Şərq və Avropa ölkələrinin mədəniyyət nazirlərini Bakıda bir araya gətirərək mədəniyyət məsələləri ətrafında məsləhətləşmələr aparmaq olub".
BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad isə çıxışılnda bildirib ki, bu təşəbbüsün irəli sürülməsindən 15 il keçməsinə baxmayaraq, bu gün dünyada daha faciəli vəziyyət yarnıb və mədəniyyətlərarası dialoqa əvvəlkindən daha çox ehtiyac duyulur.
Onun sözlərinə görə, mövcud qlobal vəziyyət münaqişələrin qarşısının alınması, sülhün qurulması və sosial birliyin gücləndirilməsi üçün dialoqun əhəmiyyətini daha da artırır.
"BMT-nin Sivilizasiyalar Alyansı olaraq inanırıq ki, dialoq münaqişələrin qarşısının alınması, sülhün qurulması və cəmiyyətdə birliyin təmin edilməsi baxımından mühüm vasitədir. Son 20 ildə təşkilatımız dövlət və qeyri-dövlət qurumlarını bir araya gətirən beynəlxalq platformaların yaradılması istiqamətində fəal çalışıb", – deyə o bildirib.
N.Saad qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu məqsədlərə nail olunması baxımından ən mühüm qlobal platformalardan biridir.
"Azərbaycanla bu istiqamətdə sıx tərəfdaşlığımızı davam etdirməkdən qürur duyuruq. VII Forum çərçivəsində üç əsas istiqamət üzrə təşəbbüslər həyata keçiririk. Bunlardan birincisi "Dinlərarası dialoq: Ortaq gələcəyə aparan yol xəritəsi" mövzusunda plenar iclasın təşkilidir. İclasda müxtəlif dinlərin nümayəndələri, dinlərarası və mədəniyyətlərarası dialoq üzrə ekspertlər iştirak edəcəklər", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, müzakirələr zamanı dini icmaların sülh quruculuğuna, barışığa və sosial həmrəyliyə verə biləcəyi töhfələr, eləcə də dini dözümsüzlüklə mübarizə məsələləri diqqət mərkəzində olacaq.
N.Saad əlavə edib ki, builki forumun mühüm yeniliklərindən biri gənclərin iştirakına xüsusi önəm verilməsidir.
"BMT-nin Sivilizasiyalar Alyansının müxtəlif illərdə həyata keçirdiyi mentorluq proqramlarından və təlimlərindən faydalanmış 60-dan çox gənci Bakıya dəvət etmişik. Onlar burada öz təcrübələrini bölüşəcək, həmin proqramların şəxsi və peşəkar inkişaflarına necə təsir etdiyini təqdim edəcəklər", – deyə o bildirib.
N.Saad vurğulayıb ki, forumun rəsmi açılışı oktyabrın 27-də baş tutsa da, müəyyən tədbirlər artıq başlayır. Onun sözlərinə görə, bu təşəbbüslər gənclərin mədəniyyətlərarası dialoq prosesində iştirakının genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.







