BAKI,TurkicWorld,Yusif Şərifzadə
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İsrailin işğal altındakı İordan çayının qərb sahilində qanunsuz yaşayış məntəqələrinin genişləndirilməsini, o cümlədən E1 layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımları pisləyib.
TurkicWorld xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi yaydığı bəyanatda E1 layihəsi ilə bağlı planların irəli aparılmasını beynəlxalq hüquq və legitimliyə açıq çağırış kimi qiymətləndirib.
Əl-Budeyvi bildirib ki, İsrailin yaşayış məntəqələrinin genişləndirilməsi siyasəti Fələstin xalqının hüquqlarını pozur və bölgədə sülhün əldə edilməsi imkanlarını zəiflədir.
“İsrail işğal qüvvələrinin bu fəaliyyəti sülhə nail olmaq perspektivlərinə zərbə vurur və müstəqil Fələstin dövlətinin yaradılmasına yönəlmiş beynəlxalq və regional səyləri təhlükə altına salır”, – KƏŞ-in baş katibi bildirib.
O, beynəlxalq ictimaiyyəti İsrailin yaşayış məntəqələrini genişləndirməsinin qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.
Əl-Budeyvi, həmçinin işğal altındakı Fələstin ərazilərinin coğrafi və demoqrafik vəziyyətini dəyişdirməyə yönəlmiş addımların dayandırılmasının vacibliyini vurğulayıb.
KƏŞ rəhbəri təşkilatın Fələstin məsələsi ilə bağlı mövqeyini bir daha təsdiqləyərək 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirib.
E1 layihəsi işğal altındakı İordan çayının qərb sahilində İsrailin yaşayış məntəqələrinin genişləndirilməsi ilə bağlı ən mübahisəli planlardan biri hesab olunur. Layihə beynəlxalq səviyyədə iki dövlətli həll perspektivlərinə mümkün təsirləri səbəbindən tənqid edilir.







