BAKI,TurkicWorld,Yusif Şərifzadə
Kosmosda məlumat mərkəzləri qurmağa çalışan “Starcloud” şirkəti yeni sərmayə mərhələsində 250 milyon dollar cəlb etdiyini və şirkətin dəyərinin 2,3 milyard dollar səviyyəsində qiymətləndirildiyini açıqlayıb. Şirkət süni intellekt üçün hesablama imkanlarını orbitə daşımağı planlaşdırır.
TurkicWorld xəbər verir ki, 2024-cü ildə yaradılan “Starcloud”un yeni sərmayə mərhələsinə “Manhattan West” rəhbərlik edib. Sərmayəçilər arasında “Nvidia” və “Cisco Investments” kimi yeni tərəfdaşlarla yanaşı, “Benchmark”, “EQT” və “Soma” da yer alıb.
Şirkətin dəyəri qısa müddət ərzində iki dəfədən çox artıb. “Starcloud” mart ayında 170 milyon dollar sərmayə cəlb edərkən 1,1 milyard dollar dəyərində qiymətləndirilmişdi. Yeni sərmayə mərhələsində isə bu göstərici 2,3 milyard dollara yüksəlib.
Son sərmayə ilə “Starcloud”un yaradıldığı vaxtdan bəri cəlb etdiyi ümumi vəsait 450 milyon dollara çatıb. Şirkət yeni maliyyə imkanlarından istehsal gücünü artırmaq, yeni məhsullar üçün avadanlıq əldə etmək və “Nvidia” ilə mühəndislik əməkdaşlığını genişləndirmək məqsədilə istifadə edəcək.
“Starcloud” hazırda “Nvidia” ilə birlikdə “Nvidia Space-1 Vera Rubin Module” adlı sistem üzərində işləyir. Qurğunun orbitdəki yüksək şüalanmaya və kəskin mühit şəraitinə davam gətirə bilməsi nəzərdə tutulur.
Şirkətin uzunmüddətli planları isə olduqca genişdir. “Starcloud” 88 min peykdən ibarət şəbəkə yaratmağı və orbitdə ümumilikdə 20 giqavatlıq hesablama gücü formalaşdırmağı qarşısına məqsəd qoyub.
Bununla yanaşı, ABŞ-nin Vaşinqton ştatının Vudinvil şəhərində yeni nəsil “Starcloud-3” kosmik aparatlarının istehsalı üçün təxminən 9 300 kvadratmetrlik müəssisə tikilir.
Kosmik sənayeyə sərmayəçi marağının yenidən artmasında “SpaceX”in böyük həcmli ilkin açıq səhm satışının da rol oynadığı bildirilir. Bu maraq kosmik məlumat mərkəzləri kimi yeni fəaliyyət sahələrinə sərmayə axınını sürətləndirir.
Yeni sərmayə mərhələsindən sonra “Manhattan West” nümayəndəsi Loren Seliq də müşahidəçi qismində “Starcloud”un idarə heyətinə qoşulub.






