BAKI,TurkicWorld,Yusif Şərifzadə
Siciliyanın Kataniya hava limanında Etna vulkanının fəaliyyəti ilə bağlı aviasiya xəbərdarlığının qırmızıdan narıncı səviyyəyə endirilməsindən sonra uçuşlar bərpa edilib.
TurkicWorld xəbər verir ki, Kataniya hava limanı şənbə günü yaydığı açıqlamada vulkanik fəaliyyətlə bağlı vəziyyətin qiymətləndirilməsindən sonra uçuşların yenidən başladığını bildirib.
Etna vulkanının püskürmələri nəticəsində havaya yayılan kül son bir həftə ərzində Siciliyadakı hava limanında yüzlərlə uçuşun ləğv edilməsinə və ya başqa istiqamətlərə yönləndirilməsinə səbəb olub.
Hava limanının internet səhifəsində yayımlanan məlumata görə, gəliş və gediş uçuşları Qrinviç vaxtı ilə saat 12:00-dan etibarən bərpa edilib.
Qərar Etna vulkanının aviasiya üçün təhlükə səviyyəsinin qırmızıdan narıncıya endirilməsindən sonra qəbul olunub.
Etna Avropanın ən fəal vulkanlarından biri hesab olunur və onun püskürmələri xüsusilə kül buludlarının yaranması zamanı hava nəqliyyatına ciddi təsir göstərə bilir.






