BAKI,TurkicWorld,Yusif Şərifzadə
Cenevrə Ali Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Sayrus Şayeq hesab edir ki, ABŞ və İsrailin İrana qarşı apardığı 40 günlük müharibə Yaxın Şərqdə qüvvələr nisbətini dəyişib.
TurkicWorld xəbər verir ki, Şayeq bu fikirləri "Əl-Cəzirə" telekanalına müsahibəsində səsləndirib.
Ekspertin sözlərinə görə, İran strateji baxımdan üstünlük əldə etsə də, daha güclü mövqeyə çıxmayıb. Onun fikrincə, hazırda Hörmüz boğazında İran və ABŞ arasında qüvvələr nisbəti əvvəlkindən daha balanslı vəziyyətə gəlib.
Şayeq bildirib ki, İran mövcud vəziyyətin qorunmasında maraqlıdır, ABŞ isə bölgədə əvvəlki üstün mövqeyini bərpa etməyə çalışır.
Onun fikrincə, bu səbəbdən hər iki tərəf öz "qırmızı xətlərini" müəyyənləşdirir ki, bu da qarşıdurmanın daha da gərginləşməsi riskini artırır.
Bununla belə, professor qeyd edib ki, gərginliyin qarşısını ala biləcək mühüm amillər də mövcuddur.
Şayeqin sözlərinə görə, Körfəz ərəb dövlətləri ABŞ Prezidenti Donald Trampa təzyiq göstərərək qarşıdurmanın daha da genişlənməsinin qarşısını almağa çalışırlar.
Ekspert əlavə edib ki, ABŞ daxilində də həm Demokratlar, həm də Respublikaçılar Partiyasının bəzi nümayəndələri Konqresə aralıq seçkilər yaxınlaşdıqca yeni hərbi gərginlikdən narahatlıq keçirməyə başlayıblar.
Qeyd edək ki, bu qiymətləndirmələr Sayrus Şayeqin şəxsi təhlilini əks etdirir.







