Son dəqiqə

Səhiyyə Nazirliyi

Elektron resept həkim səhvlərini minimuma endirir

Bakı. TurkicWorld:

Elektron Resept Sisteminin yaradılmasının əsas məqsədi reseptlərin tərtibi, saxlanılması və icrası proseslərinin rəqəmsallaşdırılması, kağız kargüzarlığının minimuma endirilməsi və dərman dövriyyəsində şəffaflığın təmin edilməsidir.

TurkicWorld xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə, sistem həmçinin qanunsuz dərman dövriyyəsinin qarşısının alınmasına, vətəndaşların istifadə müddəti bitmiş və ya keyfiyyətsiz dərman vasitələri ilə təmin edilmə riskinin azaldılmasına xidmət edir:

"Elektron Resept Sistemi vasitəsilə kağız reseptlərdən mərhələli şəkildə imtina edilərək reseptlərin vahid elektron platformada tərtibi, saxlanılması və idarə olunması təmin olunur. Bu yanaşma səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına, idarəetmə proseslərinin optimallaşdırılmasına və ümumilikdə səhiyyə sistemində səmərəliliyin yüksəldilməsinə şərait yaradır. Sistem həkimlərin, pasiyentlərin və əczaçıların gündəlik fəaliyyətində rahatlığın təmin olunması məqsədilə davamlı olaraq təkmilləşdirilir. Təkmilləşdirmə prosesləri istifadəçilərin praktiki təcrübəsi, həkimlərin rəyləri və sistemdən istifadə zamanı ortaya çıxan ehtiyaclar əsasında həyata keçirilir".

S.Məhərrəmova bildirib ki, elektron resept tətbiqi ilk növbədə reseptlərin tərtibi prosesində dəqiqliyin və standartlaşdırmanın artırılmasına xidmət edir:

"Sistem dərman vasitələrinin dövlət qeydiyyatı, təsiredici maddəsi, doza göstəriciləri və digər tibbi parametrlər üzrə avtomatlaşdırılmış yoxlama mexanizmləri təqdim edir. Bu mexanizmlər reseptlərin səhv, natamam və ya tibbi standartlara uyğun olmayan formada tərtib edilməsi riskini minimuma endirir.
ununla yanaşı, sistem vətəndaşların resept məlumatlarına çıxış imkanlarını da genişləndirir. Elektron reseptlər mobil tətbiqlər və MyGov platforması üzərindən vətəndaşlar üçün əlçatan olur. Bu isə reseptlərin itməsi, oxunmaz olması və ya istifadə zamanı yaranan digər texniki çətinliklərin aradan qaldırılmasına imkan yaradır".

Mütəxəssis qeyd edib ki, eyni zamanda, Elektron Resept Sistemi səhiyyə idarəçiliyi baxımından mühüm analitik imkanlar formalaşdırır:

"Sistem vasitəsilə dərman təyinatları üzrə məlumatların toplanması, təhlili və monitorinqi mümkün olur. Bu məlumatlar əsasında dərman təminatının daha səmərəli planlaşdırılması, səhiyyə xidmətlərinin optimallaşdırılması və sahə üzrə qərarların daha əsaslandırılmış şəkildə qəbul edilməsi təmin edilir".

Mövzuya görə xəbərlər