Son dəqiqə

Suriya Almaniya Angela Merkel Əhməd əş-Şəraa

Suriya lideri və Merkelin görüş fotosu saxta çıxdı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Suriya Prezidenti Əhməd əş-Şəraanın bu həftə Almaniyaya baş tutan rəsmi səfəri fonunda sosial media platformalarında yayılan bir fotoşəkil geniş müzakirələrə və dezinformasiyaya səbəb olub. Şəkildə Prezident Şəraa ilə Almaniyanın sabiq kansleri Angela Merkelin masa arxasında çay içərək səmimi söhbət etdiyi əks olunsa da, aparılan texniki araşdırmalar bu görüntünün reallığı əks etdirmədiyini ortaya qoyub.

Suriya qaçqınlarına qarşı izlədiyi "açıq qapı" siyasətinə görə suriyalılar arasında müsbət imicə malik olan Angela Merkel ilə yeni Suriya rəhbərliyinin görüşəcəyi gözləntisi bu fotonun sürətlə yayılmasına şərait yaradıb. Bir çox istifadəçi bu "görüşü" tarixi minnətdarlıq aktı kimi qiymətləndirərək, gələcəkdə Suriyada Merkelin adını daşıyan məktəb və xəstəxanaların açılacağına dair paylaşımlar ediblər.

Lakin fotonun rəsmi dövlət kanalları və ya rəsmi xəbər agentlikləri tərəfindən yayımlanmaması şübhələri artırıb. Məsələ ilə bağlı aparılan vizual və texniki yoxlamalar zamanı aşağıdakı detallar müəyyən edilib.

Texniki alətlərlə aparılan yoxlama nəticəsində şəklin 99% ehtimalla süni intellekt tərəfindən yaradıldığı təsdiqlənib.

Şəkildəki əşyaların kənarlarında dumanlı təsvirlər, masa üzərindəki çay fincanlarının qeyri-məntiqi yerləşməsi və işıq kölgələrinin fizika qanunlarına uyğun gəlməməsi görüntünün süni olduğunu sübut edib.

Nə Suriya, nə də Almaniya tərəfi belə bir görüşün baş tutduğuna dair hər hansı bəyanat yaymayıb.

Mövzuya görə xəbərlər