Son dəqiqə

Türkiyə İraq

İraq Türkiyə üzərindən neft ixracını qismən bərpa etdi

BAKI,TurkicWorld

İraq gündəlik 250 min barel həcmində neft ixracını Türkiyənin Ceyhan limanı vasitəsilə yenidən başladıb.

TurkicWorld xəbər verir ki, bu qərar ölkənin əsas ixrac marşrutu olan Hörmüz boğazında yaranan fasilələr səbəbindən qəbul edilib.

Məlumata görə, dövlətə məxsus Şimal Neft Şirkəti Kərkük yataqlarından neftin Ceyhana nəqlini təmin edən Sarlo nasos stansiyasının fəaliyyətə başladığını açıqlayıb. İlkin mərhələdə ixrac gücü gündə 250 min barel səviyyəsində müəyyən edilib.

Qeyd olunur ki, İraq büdcə gəlirlərinin təxminən 90 faizi neft satışından formalaşır. Münaqişədən əvvəl ölkə gündəlik təxminən 3,5 milyon barel nefti əsasən Bəsrə yataqlarından Hörmüz boğazı vasitəsilə ixrac edirdi.

İxracın bərpası İraq Kürd Muxtar Regionu ilə əldə olunan razılaşma çərçivəsində həyata keçirilir. Boru kəməri məhz bu regiondan keçərək Türkiyənin Ceyhan limanına çatır.

Məlumata əsasən, Kürd tərəfi razılıq üçün bir sıra şərtlər irəli sürüb və danışıqlar uzun müddət davam edib. Nəticədə tərəflər neft axınının bərpası ilə bağlı ortaq məxrəcə gəliblər.

Eyni zamanda, İran tərəfindən Hörmüz boğazının bir sıra ölkələrin gəmiləri üçün bağlanması qlobal enerji bazarına ciddi təsir göstərib. İraq rəsmiləri bəzi tanker daşımalarının həyata keçirilməsi üçün İranla danışıqların davam etdiyini bildirir.

Mövzuya görə xəbərlər