BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ABŞ ilə davam edən diplomatik təmaslar fonunda yüksək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı mövqeyini bir daha açıqlayıb. Tehran bəyan edib ki, uranın təhvil verilməsi ilə bağlı mümkün tələblər qəbul edilməz hesab olunur.
TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkənin rəsmi xəbər agentliyinə açıqlamasında yüksək zənginləşdirilmiş uranla bağlı məsələlərin Tehran üçün “qırmızı xətt” təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, İran ərazisində saxlanılan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-a verilməsi ilə bağlı hər hansı tələb qəbul edilə bilməz. Bəqai qeyd edib ki, bu məsələnin detalları üzərində həddindən artıq fokuslanmaq danışıqlar prosesini mürəkkəbləşdirə bilər.
İran rəsmisi həmçinin bildirib ki, hazırda Qətər nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşlər keçirir. O əlavə edib ki, Pakistan da prosesdə vasitəçi rolunu davam etdirərək tərəflər arasında diplomatik təmasların saxlanmasına çalışır.
Son günlər ABŞ və İran arasında müxtəlif diplomatik kanallar üzrə təmasların intensivləşdiyi müşahidə olunur. Bununla yanaşı, tərəflər arasında əsas məsələlər üzrə fikir ayrılıqlarının davam etdiyi bildirilir.







