MÜSİAD Azərbaycan rəhbəri Türkiyədə bir sıra görüşlər keçirib

MÜSİAD Azərbaycan rəhbəri Türkiyədə bir sıra görüşlər keçirib

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan rəhbəri Rəşad Cabirli Türkiyədə bir sıra görüşlər keçirib.

Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, R.Cabirli səfər çərçivəsində Antalyada Aksu bələdiyyə sədri Halil Şahinlə görüşüb. Görüş zamanı tərəflər arasında icra edilə biləcək ortaq layihələr müzakirə olunub.

Eyni zamanda, R.Cabirli bələdiyyə sədrinə Azərbaycanda olan iş və münbit investisiya potensialı haqda məlumat verib. Aksu bələdiyyə sədri H.Şahin türk iş adamlarının Azərbaycanda bir çox sahədə, o cümlədən, kənd təsərrüfatı sahəsində maraqlı olduğunu bildirib.

R.Cabirli qeyd edib ki, antalyalı, eləcə də, azərbaycanlı iş adamlarının müxtəlif sahələrdə qarşılıqlı təcrübə qazanması üçün işlər daha da intensivləşməlidir.

Aksu Bələdiyyəsi ilə görüşlə yanaşı, MÜSİAD Azərbaycan rəhbəri Rəşad Cabirli MÜSİAD Antalya şöbəsini də ziyarət edib.

R.Cabirlli MÜSİAD Antalya şöbəsi rəhbəri Boğaçhan Göksu ilə görüşü zamanı qeyd edib ki, Türkiyə hər zaman qardaş Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə önəm verib.
R.Cabirli onu da bildirib ki, “Bir millət, iki dövlət” prinsipini əsas götürən xalqlarımız hər zaman bir yerdə olub və bundan sonra da əlaqələrimizin möhkəmlənməsi istiqamətində addımlar atmalıdır.

“Əsas hədəfimizdən biri də türkiyəli iş adamlarının Azərbaycana investisiya yatırımının artırılmasını təmin etməkdir”, - deyə R.Cabirli bildirib.

MÜSİAD Antalya rəhbəri ilə görüş zamanı ortaq layihələrin həyata keçirilməsi də müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.