SUNGUR müdafiə raketinin çiyindən atılan versiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

SUNGUR müdafiə raketinin çiyindən atılan versiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

Bakı. TurkicWorld:

Türkiyənin ROKETSAN müdafiə sənayesi şirkəti tərəfindən istehsal edilən SUNGUR Portativ Hava Hücumundan Müdafiə Raketinin çiyindən atılan versiyası Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir öz twitter hesabından paylaşım edib.

“Sungur daşına bilən hava hücumundan müdafiə raket sistemimiz çiyindən atəş açılan versiyası ilə artıq ordumuzun xidmətindədir,” – deyə paylaşımında qeyd edib.

İHA, reaktiv və helikopterlərə qarşı təsirli olan SUNGUR raketi alçaq hündürlükdə hava hədəflərini məhv edə bilmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, Roketsan tərəfindən HİSAR və Stinger layihələrindən əldə edilən təcrübə ilə inkişaf etdirilən SUNGUR raketi gecə-gündüz hədəfi aşkarlama, tanıma, izləmə və 360 dərəcə atış qabiliyyətinə malikdir və 4-4,5 kilometr hündürlükdə olan hədəfləri məhv edə bilir. SUNGUR Görüntüləmə İnfraqırmızı (IIR) Axtarış Başlığını istifadə edə bilən, üstün xüsusiyyətlərinə görə dördüncü nəsil MANPADS hesab edilir.

Məlumata görə, yaxın gələcəkdə Roketsan SUNGUR Raketi əsasında hava raket sistemi hazırlayacaq.

Bundan əlavə, şirkət LEVENT Layihəsi çərçivəsində SUNGUR Raketi vasitəsilə dəniz platformalarında istifadə ediləcək yaxın hava hücumundan müdafiə raket sistemi üzərində çalışır.