"Türk Dünyası” (Turkic.World) media platforması bir yaşını qeyd edir

"Türk Dünyası” (Turkic.World) media platforması bir yaşını qeyd edir

Bu gün türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) bir yaşını qeyd edir.

"Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkyənin “Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

Unikal rəqəmsal platformada qurulan bu layihə cəmi bir il ərzində türkdilli ölkələrin qabaqcıl media qurumlarını bir araya gətirib. Layihədə artıq Özbəkistanın "UzA" Milli İnformasiya Agentliyi, Qazaxıstanın "Kazinform" Dövlət İnformasiya Agentliyi , Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi və Türkmənistan Xarici İşlər Nazirliyi iştirak edir. "Türk Dünyası" (Turkic.World) media platforması Azərbaycan, türk, qırğız, türkmən, qazax, özbək dillərində fəaliyyət göstərir. Eyni zamanda layihə iştirakçıları öz xəbərlərini həm də ingilis və rus dillərində yayımlaya bilərlər. Rəqəmsal platformanın mobil versiyası da mövcuddur.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mediasının inkişafına yönəlmiş səyləri nəticəsində bu gün kütləvi informasiya vasitələri böyük inkişaf yolu keçib. Azərbaycan mediasının müasir standartlara uyğun olaraq inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı və diqqəti ilə mümkün olub. Azərbaycan mediasının yeni inkişaf mərhələsinin məhsulu olan "Türk Dünyası" (Turkic.World) media platforması keçən il İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.