Son dəqiqə

Bunu bilirsinizmi? Elmi tədqiqat biotexnologiya insan əzalarının regenerasiyası regenerasiya insan əzalarının bərpası molekulyar biologiya tibb elmi yenilikləri

İnsan bədəni özünü regenerasiya edə bilər?

BAKI, TurkicWorld

İnsan əzaları özünü yenidən bərpa edə bilər mi?

TurkicWorld xəbər verir ki, alimlər insanın itirilmiş əzalarını yenidən bərpa etmək imkanını real hədəfə çevirmək yolunda mühüm irəliləyiş əldə ediblər.

Tədqiqatçılar, Meksikaya məxsus aksolotl (Ambystoma mexicanum) adlı salamandr növünün fövqəladə regenerasiya qabiliyyətini araşdıraraq bunun arxasında duran molekulyar sirri ortaya çıxarıblar.

ABŞ-ın Şimal-Şərq və Kentukki universitetlərindən olan bioloqların apardığı araşdırma nəticəsində məlum olub ki, retinoik turşu adlı molekul aksolotlların əzalarını və hətta orqanlarını bərpa etməsində əsas siqnal rolunu oynayır.

Tədqiqat qrupunun rəhbəri, bioloq Ceyms Monaqan deyib ki, bu molekul bədənə “harada, nəyi yenidən bərpa etməli” olduğunu “öyrədir”. Onun sözlərinə görə, aksolotlun bədənində retinoik turşu konsentrasiyası çiynə yaxın nahiyədə yüksək, onu parçalayaraq təsirini azaldan ferment isə aşağı səviyyədə olur. Bu balans hüceyrələrə zədələnmiş nahiyənin hansı hissə olduğunu “xatırladır” və müvafiq orqanın regenerasiyasını təmin edir.

Laboratoriya təcrübələrində aksolotl əlinə əlavə retinoik turşu yeridildikdə yalnız əl deyil, bütöv qolun yenidən böyüdüyü müşahidə edilib.

Alimlər hesab edirlər ki, insan orqanizmində də eyni molekullar və hüceyrələr mövcuddur. Lakin bu hüceyrələr regenerasiya siqnallarına cavab olaraq sağalma deyil, çapıq toxuma yaradır. Monaqan bildirir ki, əgər insan fibroblast hüceyrələrini “yenilənmə siqnallarını dinləməyə inandırmaq” mümkün olsa, onlar bədənin əvvəlki formalaşma yaddaşına əsasən bərpa prosesini özləri idarə edə bilərlər.

Bu tədqiqat təkcə çapıqsız sağalma deyil, həm də itirilmiş barmağın, hətta gələcəkdə bütöv bir əlin yenidən formalaşdırılması ehtimalını gündəmə gətirir. “Bu, qeyri-mümkün deyil”, – deyə Monaqan qeyd edib.

Qeyd edək ki, araşdırma nəticələri nüfuzlu Nature Communications elmi jurnalında dərc olunub.

Mövzuya görə xəbərlər