BAKI, TurkicWorld
Hətta minimal miqdarda alkoqol xərçəng riskini artırır
TurkicWorld xəbər verir ki, ABŞ-da aparılan son araşdırmalar spirtli içkilərin hətta az miqdarda qəbulunun belə birbaşa xərçəng riski yaratdığını təsdiqləyib.
Alkoqol ABŞ-da qarşısı alına bilən xərçəng hallarının üçüncü əsas səbəbi hesab olunur. Statistikaya görə, hər il təxminən 100 min yeni xərçəng hadisəsi və 20 min ölüm halı məhz alkoqol istehlakı ilə bağlıdır. Bu rəqəm yol-nəqliyyat hadisələri ilə əlaqədar alkoqol ölümlərindən 10 dəfə çoxdur.
1980-ci illərdən bu yana aparılan elmi tədqiqatlar spirtin ağız, boğaz, qırtlaq, yemək borusu, qaraciyər, yoğun və düz bağırsaq, eləcə də döş xərçəngi ilə əlaqəli olduğunu göstərir. Mədəaltı vəzi xərçəngi ilə də əlaqə aşkarlanıb.
ABŞ Milli Toksikologiya Proqramı 2000-ci ildə spirti "insan kanserogeni" kimi təsnif edib. ÜST-ə bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi isə 2012-ci ildə onu ən təhlükəli “Qrup 1” kanserogen maddələr sırasına daxil edib.
Alkoqol bədəndə DNT-yə zərər verərək hüceyrə mutasiyalarına və nəzarətsiz böyüməyə səbəb olur. 2025-ci il üçün hazırlanan ABŞ Baş Cərrahının hesabatına əsasən, alkoqolun xərçəngə yol açması dörd əsas mexanizmlə izah olunur: maddələr mübadiləsi, oksidativ stress və iltihab, hormon səviyyələrinin dəyişməsi, eləcə də tütünlə sinerji təsir.
Xüsusilə asetaldehid adlı maddənin yaranması və sərbəst radikalların artması xərçəng riskini daha da yüksəldir. Alkoqol estrogen səviyyəsini artıraraq döş xərçəngi riskini, A vitamininin azalması ilə isə ümumi həssaslığı artırır.
Ən təhlükəli hallardan biri isə spirt və tütünün birlikdə istifadəsidir. Bu, ağız və boğaz xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.
Qeyd edək ki, mütəxəssislər təhlükəsiz alkoqol dozasının mövcud olmadığını bildirir. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi qadınlara gündə bir, kişilərə isə iki içkidən artıq içməməyi tövsiyə etsə də, son araşdırmalar göstərir ki, hər qurtum belə xərçəng riskini yüksəldə bilər. Hər kəsin fərdi sağlamlıq və genetik xüsusiyyətləri nəzərə alınaraq alkoqol vərdişlərinə yenidən baxılması tövsiyə olunur.