Bakı, TurkicWorld
Avropa Birliyinin Copernicus Peyk İzləmə Sistemi 2024-cü ilin indiyədək ən isti il olaraq qeydə alındığını açıqlayıb, bu isə 1850-ci ildən bəri qlobal temperaturun qeydə alındığı dövr ərzində ən yüksək göstəricidir.
TurkicWorld xəbər verir ki, Copernicus tərəfindən yayımlanan hesabatda bildirilir ki, 2024-cü ildə qlobal orta temperatur 15,10 dərəcə olub.
Bu göstərici, 1991-2020-ci illərin orta temperaturundan 0,72 dərəcə, əvvəlki ən isti il olan 2023-cü ildən isə 0,12 dərəcə daha yüksəkdir.
Ən diqqətçəkən məqam isə 2024-cü ilin sənayedən əvvəlki dövr (1850-1900) ilə müqayisədə qlobal temperaturun ilk dəfə 1,5 dərəcədən çox artdığı il kimi tarixə düşməsidir. 2023-cü ildə bu göstərici 1,48 dərəcə təşkil etmişdi.
2024-cü il iyulun 22-də dünya gündəlik qlobal orta temperatur rekordunu 17,16 dərəcə ilə qırıb. Bu, planetin tarixində bir gün ərzində qeydə alınan ən yüksək orta temperatur olub.
Hesabata görə, 2024-cü ilin yanvarından iyun ayına qədər olan dövr ərzində hər ay, əvvəlki ilin eyni ayı ilə müqayisədə daha isti keçib. Bununla yanaşı, 2024-cü ilin yayı da tarixdə ən isti yay kimi qeyd olunub.
Ekspertlər iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq səviyyədə daha qətiyyətli addımların atılmasının zəruri olduğunu vurğulayırlar.