Bakı, TurkicWorld
Yatarkən telefonla məşğul olmaq yuxu rejiminə mənfi təsir edir
TurkicWorld xəbər verir ki, Türkiyənin Trakya Universiteti (TU) Tibb Fakültəsinin Fiziologiya kafedrasının müdiri Prof. Dr. Levent Öztürk, yatmazdan əvvəl smartfon istifadəsinin yuxu sağlamlığına mənfi təsirlərini vurğulayıb.
Öztürk bildirib ki, smartfon ekranından yayılan mavi işıq melatonin hormonunun ifrazını azaldır və bununla da yuxuya getmək çətinləşir. Bu hal , həmçinin yuxunun keyfiyyətini azaldır və yuxu zamanı daha tez-tez oyanmalara səbəb olur. Smartfonların yaydığı elektromaqnit sahə də yuxuya mane ola bilər. Telefonla bağlı davamlı narahatlıq da (məsələn, gələn mesaj və ya bildirişlər) yuxuya mənfi təsir göstərir.
Bu mənfi halların qarşısını almaq üçün, telefonu yatmazdan əvvəl istifadə etməmək, yataq otağında smartfon varsa, çarpayıdan ən azı 2 metr uzaqda saxlamaq, yatmadan öncə oyunlar, video və ya sosial media istifadəsini məhdudlaşdırmaq məsləhət görülür.
Bu məsləhətlərə əməl etməklə, yuxunun keyfiyyətini artırmaq və sağlam yuxu rejimini qorumaq mümkündür.