Son dəqiqə

Çin ABŞ Rusiya nüvə silahı

Nüvə silahlanmasında qorxuducu artım müşahidə edilir

Bakı.TurkicWorld:

Dövlətlər mövcud beynəlxalq müqavilələrə baxmayaraq, nüvə silahına getdikcə daha çox sərmayə qoyurlar. Son məlumatlara görə, 2023-cü ildə nüvə silahına 93,4 milyard dollar xərclənib. Beş ildə bu rəqəm 387 milyard dollara çatıb. Silah şirkətləri keçən il 31 milyard dollar qazanıblar. Qlobal miqyasda 9500 nüvə başlığı isə istifadəyə hazır vəziyyətdədir.

TurkicWorld xəbər verir ki, bu barədə nüvə silahlanmasına qarşı fəaliyyət göstərən təşkilatların dərc etdiyi hesabatlarda məlumat verilir. Nüvə Silahlarının Yayılmasının Əngəllənməsi Müqaviləsinin (NPT) imzalanmasının 56-cı ildönümündə açıqlanan bu rəqəmlər, mümkün nüvə müharibəsi ehtimalının gözardı edilə bilməyəcəyini ortaya qoyur.

Qlobal səviyyədə dövlətlər arasında artan gərginlik, sosial qeyri-sabitlik və regional münaqişələr Üçüncü Dünya Müharibəsi iddialarını günü-gündən gücləndirir. Belə bir məqamda, diqqət çəkici hesabat paylaşıldı.

Məlumatlara görə, dövlətlərin nüvə silahına xərclədiyi pul günü-gündən artır. Nüvə Silahlarının Qadağan edilməsinin İzlənilməsi və Nüvə Silahlarını Ləğv Etmək üzrə Beynəlxalq Təşəbbüs (ICAN) hesabatına görə, bu şirkətlərin nüvə silahı olan ölkələrlə 2040-cı ilə qədər uzadılan və ümumi dəyəri 387 milyard dollara çatan təkmilləşdirmə və istehsal müqavilələri var.

Nüvə silahlarının hazırlanması və istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər təkcə 2023-cü ildə hökumətlərlə təxminən 7,9 milyard dollar dəyərində müqavilə imzalayıb. Boeing, Lockheed Martin və General Dynamics-nin daxil olduğu bu şirkətlər hökumətin siyasətinə və insanların nüvə silahlarına münasibətinə təsir göstərmək üçün beyin mərkəzlərinə milyonlarla dollar dəyərində pul xərcləyiblər və həmçinin təkcə ABŞ və Fransada lobbiçilik fəaliyyətinə 118 milyon dollar sərf ediblər, Bu 20 şirkət 2023-cü ildə hökumətlərə göstərdikləri nüvə silahlarının təkmilləşdirilməsi və texniki xidmətlərindən təxminən 31 milyard dollar gəlir əldə edib.

NPT-yə baxmayaraq, nüvə silahı olan 9 ölkənin hamısının bu sahədə xərclərində artım müşahidə olunub. 2023-cü ildə Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya, Böyük Britaniya və ABŞ nüvə silahına ümumilikdə 91,4 milyard dollar xərcləyib. Nüvə silahı sahəsində 51,5 milyard dollarlıq xərclə ABŞ bu sahəyə bütün digər nüvə silahı ölkələrinin cəmindən daha çox sərmayə qoyub. ABŞ-dan sonra nüvə silahına ən çox pul xərcləyən ölkə 11,8 milyard dollarla Çin, 8,3 milyard dollarla Rusiya 3-cü, İngiltərə isə 8,1 milyard dollarla 4-cü yerdədir.

Mövzuya görə xəbərlər