Son dəqiqə

Şuşa İƏT

Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir

Bakı. TurkicWorld

Şuşa şəhərində "Şuşa İƏT-in Gənclər Paytaxtı" beynəlxalq proqramı çərçivəsində "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir.

TurkicWorld xəbər verir ki, aralarında dövlət məmurları, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun və İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif strukturların, təşkilatların rəhbər şəxsləri və gənclərin nümayəndələrinin olduğu forum iştirakçıları sosial-məişət problemlərinin geniş spektrə malik konsepsiyaları və praktiki nümunələri ilə tanış olub.

Tədbirdə müxtəlif sahələrdən olan nümayəndələr mövzu ilə bağlı ümumi anlayışı zənginləşdirmək, bu sahədə gələcək müzakirələrə və araşdırmalara təkan vermək üçün öz təcrübə və fikirlərini bölüşüb.

Eyni zamanda, iştirakçılar anlayışın inkişafına və ümumi səylərin birləşdirilməsinə yönəlmiş müxtəlif müsabiqələrdə fəal iştirak edirlər.

Bu tədbirlər təmaslar şəbəkəsinin qurulmasına, təcrübə mübadiləsinə və iştirakçılar arasında innovativ düşüncənin təşviqinə təkan verməyə kömək edir ki, bu da forumu daha da dinamik və məhsuldar edib.

Qeyd edək ki, iyunun 3-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən "Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" beynəlxalq proqramına start verilib.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu hər il Təşkilatın üzvü olan ölkələrin şəhərlərindən "Gənclər Paytaxtı" seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı 2024" beynəlxalq proqramının 10-cu ev sahibi olaraq seçilib.

Şuşa şəhərinin 2024-cü il üçün İƏT "Gənclər Paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc iştirak edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə "Beynəlxalq Liderlik və Diplomatiya Konfransı", "NexGen: Sosial İnnovasiyalar Forumu", "Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları" adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində qlobal, milli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.
Tədbirlər 3-6 iyun 2024-cü il tarixlərini əhatə edir.

Xatırladaq ki, İƏT "Gənclər Paytaxtı" beynəlxalq proqramı 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT Xarici İşlər Nazirlərinin Konfransında İƏT-ə üzv 56 ölkənin xarici işlər nazirlərinin səsverməsi ilə qəbul edilib və ilk İƏT "Gənclər Paytaxtı" Türkiyə Respublikasının İstanbul şəhəri olub. Şuşa İslam dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir. 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı" elan olunmuşdu.

Mövzuya görə xəbərlər