Bakı. TurkicWorld:
Can Azərbaycan Qarabağ xanı Molla Pənah Vaqifin əbədi yurdu, Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşada bayrağını 30 ildən sonra yenidən dalğalandırdı.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Şuşa Mədəniyyət Günləri tədbirləri çərçivəsində Ankarada keçirilən “Əziz Şuşa” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Y.Topçu onu da bildirib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Şuşa ilə bağlı belə deyirdi:
“Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki,gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”.
Y.Topçu onu da vurğulayıb ki, bu vəsiyyəti Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.
“Can Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Bu münasibətlə bir Ahıskalı mühacir türk ailəsinin övladı olaraq 1944-cü il noyabrın 14-də sovetlər tərəfindən heyvan vaqonlarına doldurularaq deportasiyaya məruz qalan Ahıska türklərinin xatirələrini hörmətlə yad edirəm”, - deyə o vurğulayıb.