Azərbaycan regionda yeni reallıqların və onun yaratdığı perspektivlərin müəllifidir

Azərbaycan regionda yeni reallıqların və onun yaratdığı perspektivlərin müəllifidir

Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər regionumuzun gələcəyi və postmüharibə dövrünün reallıqları baxımından olduqca aktual və əhəmiyyətli idi. Hər şeydən öncə ona görə ki, bu yeni reallıqların və onun yaratdığı perspektivlərin müəllifi Azərbaycandır.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, elə regionumuzda formalaşacaq yeni strateji konfiqurasiyanın necəliyi də Azərbaycanın davranışlarından asılı olacaq: "Ona görə də 44 günlük Zəfər müharibəmizin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin qalib liderdən öyrənilməsi dünyanın aparıcı media qrumları üçün prioritet təşkil edir.

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti dünya tərəfindən artıq qəbul edilir. Ona görə də siyasi proseslərin inkişaf istiqamətlərini təyin edən ölkənin bundan sonrakı prosesləri necə diqtə edəcəyi maraq doğurur".

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev isə öz fikirləri ilə dünyaya çox açıq və konstruktiv məsajlar verdi: "Bunlardan birincisi o idi ki, Azərbaycan öz milli maraqları çərçivəsində hər cür dialoqa hazırdır. İkincisi isə Azərbaycanın ərazisində artıq olmayan hansısa uydurma məsələ və problem heç bir halda istənilən danışıqlarda predmet ola bilməz. Hazırda danışıqların və müzakirələrin yeganə mövzusu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, bütün kommunikasiyaların, ən əsası isə Zəngəzur dəhlizinin açılması işinin sürətləndirilməsi ola bilər.

Bu istiqamətdə Azərbaycan hər cür konstruktiv yanaşmalara açıqdır və mümkün dialoqa hazırdır. Eyni zamanda, regionun siyasi-iqtisadi inteqrasiyasını, davamlı sülhü və əməkdaşlığı da bu çərçivədə görür".