Bakı. TurkicWorld:
Qırğızıstan prezidenti Sadır Japarov ölkəsində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klugeni qəbul edib.
TurkicWorld-un məlumatına görə, tərəflər ÜST-ün fəaliyyəti və respublika əhalisinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş səhiyyə sahəsində gələcək əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqlar aparıblar.
Sadır Japarov qeyd edib ki, hərtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verirlər və səhiyyə sektoru dövlətin əsas prioritetlərindən biridir.
“Qırğızıstan səhiyyə sektorunun inkişafında Ümumdünya Səhiyyə Təşkilatını özünün əsas tərəfdaşı kimi görür.” – deyə ölkə başçısı bildirib.
Hans Kluge qeyd edib ki, Qırğızıstanın İctimai Səhiyyə Proqramı çərçivəsində planlarını müsbət qiymətləndirir.
“Rəqəmsallaşma tibbin inkişafı üçün çox vacibdir və ÜST bu istiqamətdə Qırğızıstanla əməkdaşlığa hazırdır.” – deyə o bildirib.
Qeyd edək ki, görüşün sonunda Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Qırğızıstanı 2022-2025-ci illər üçün Mərkəzi Asiyada sağlamlıq və rifahın dəstəklənməsi üzrə Yol Xəritəsinin həyata keçirilməsi üçün 2024-cü ildə sədrliyi öz üzərinə götürməyə dəvət edib.
Hafiz Rufizoğlu