Qırğızıstan və Tacikistan prezidentləri dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər

Qırğızıstan və Tacikistan prezidentləri dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər

Bakı. TurkicWorld:

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclası çərçivəsində Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, ölkələrin liderləri geniş spektrli məsələləri, o cümlədən Qırğızıstan-Tacikistan ikitərəfli əməkdaşlığının aktual məsələlərini, Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər.

Həmçinin regional və beynəlxalq gündəliyə, MDB-nin qarşıdan gələn iclasına dair fikir mübadiləsi aparılıb.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə açıq və hərtərəfli müzakirəyə hazır olduqlarını bildirib, iki ölkə və xalqlar arasında mehriban qonşuluğun möhkəmləndirilməsi üçün müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan 3 oktyabr tarixində sərhəd mübahisələrinə son qoyan protokol imzalayıb.

Xatırladaq ki, Qırğızıstan mübahisəli sərhəd bölgəsində 2021-ci ilin 28-30 aprel tarixlərində baş verən münaqişə ilə bağlı sərhəd məsələsi həll olunana qədər 21 may 2021-ci il tarixindən etibarən Tacikistanla gömrük qapılarını bağlamışdı.

Aytac Süleymanova

Twitter: a_alieva_