"Şahdəniz 2" layihəsi çərçivəsində şərq-şimal cinahından hasilat 2023-cü ilin sonlarına doğru başlayacaq

"Şahdəniz 2" layihəsi çərçivəsində şərq-şimal cinahından hasilat 2023-cü ilin sonlarına doğru başlayacaq

Bakı. TurkicWorld:

2023-cü ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.

TurkicWorld bu barədə cümə axşamı bp-yə istinadən xəbər verir.

Quraşdırma və sınaq işləri həm sualtı, həm də Şahdəniz Bravo platformasında üst modullarda davam edib. Layihə çərçivəsində qərb-cənub və şərq-şimal cinahlarında İstiqlal qazma qurğusunun gəlməsindən əvvəl yeni sualtı fontan armaturalarının quraşdırılması tamamlanıb və şərq-şimal cinahının hasilat axın xətlərinin sınaq işləri başladılıb.

2023-cü ilin ilk üç ayında "Şahdəniz" yatağından ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).