Beynəlxalq reytinq agentliyi Türkiyədəki zəlzələnin Azərbaycan neftinin nəqlinə təsirini açıqlayıb

Beynəlxalq reytinq agentliyi Türkiyədəki zəlzələnin Azərbaycan neftinin nəqlinə təsirini açıqlayıb

Bakı. TurkicWorld:

Yanvar ayında Ceyhan neft terminalı vasitəsilə Azərbaycandan və İrandan neft ixracı orta hesabla gündəlik təqribən bir milyon barel təşkil edib.

TurkicWorld bu barədə Standard & Poor’s Global Ratings agentliyinə istinadən xəbər verir.

"Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində böyük sayda insan tələfatı ilə yanaşı, fəlakət kritik əhəmiyyətli infrastruktura da zərər vuraraq əsasən Türkiyənin daxili ticarətini pozub, lakin potensial olaraq qlobal nəticələrə də malik ola bilərdi", - agentlik bildirib.

Agentliyin məlumatlarına görə, dünya bazarları zəlzələyə neftin qiymətində qısamüddətli artımla reaksiya veriblər, belə ki, təbii fəlakətin nəticələri tədarüklə bağlı narahatlıq doğurub.

"Elektrik enerjisi kəsildiyindən və rezervuarlar zədələndiyindən, zəlzələdən dərhal sonra Aralıq dənizində yerləşən neft emalı müəssisələrinin əsas ixrac marşrutu olan Türkiyədəki Ceyhan terminalının fəaliyyəti dayanmışdı. Nəticədə Azərbaycandan və İraqdan xam neftin bir sıra növlərinin ixracı dayanmışdı", - S&P qeyd edir.

Zəlzələ zonasından keçən İraq-Türkiyə neft xəttindəki borulardan birində baş verən zədə aradan qaldırıldıqdan sonra Ceyhan neft terminalında neftin yüklənməsi bərpa olunub.

BP operator şirkətinin nümayəndəsinin S&P Global Commodity Insights-a bildirdiyinə görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri zədələnməyib və Ceyhan qovşağının rezervuarlarındakı xam neft qorunub saxlanılıb.

Agentliyin qeyd etdiyinə görə, neft yükləndikdən bir neçə gün sonra dünyada neftin qiyməti stabilləşib, Türkiyədə birja sövdələşmələri isə qısa fasilədən sonra fevralın 15-də bərpa olunub.

"Türkiyə Aralıq dənizi ilə Qara dəniz arasında mühüm dəniz mövqeyinə malik olduğundan, zəlzələlərin vurduğu ziyan dəniz nəqliyyatı sektoruna da təsir edib. Türkiyənin Aralıq dənizi sahilində yerləşən İsgəndərun limanına zəlzələlər və sonrasında konteynerlərdəki yanğın nəticəsində xeyli zərər dəyib. Bu da öz növbəsində işin dayanmasına səbəb olub və Maersk kimi qlobal logistika şirkətləri üçün tədarüklərə təsir edib",- S&P-nin məlumatında deyilir.

Agentliyə Maersk-dən bildirildiyinə görə, bərpa işlərinin nə qədər davam edəcəyi və limanın dəymiş zərəri tam araşdıracağı hələlik məlum deyil.

"Hazırda bu limandan İsgəndəruna heç bir yeni sifariş qəbul etmirik", - onlar bildiriblər.

Magistral yollara və limanlara dəyən zərəri, həmçinin elektrik enerjisi və təbii qazın verilməsində fasilələri nəzərə alaraq, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrdə polad istehsalı da dayandırılıb. Zərər çəkmiş bölgələrdəki poladtökmə zavodları dəymiş zərərin qiymətləndirilməsi və xilasetmə işləri səbəbindən istehsalı və yük göndərilməsini dayandırıb, lakin istehsalı tezliklə bərpa etməyi planlaşdırır.

Türkiyə Polad Birliyinin baş katibi Veysəl Yayanın S&P Global Commodity Insights-a verdiyi məlumata görə, Türkiyənin polad istehsalının 30 faizindən çoxu zəlzələ zonasında yerləşən iri metallurgiya müəssisələrinin payına düşür.

"Zavodlar ehtimalla bir müddət bağlı qalacağından, bu, metal qırıntıları və polad qiymətlərinə təsir göstərə bilər. Bununla belə, bərpa işləri polada tələbatı və qiymətləri artırmalıdır", mənbələrdən S&P Global Commodity Insights-a deyilib.