Bakı. TurkicWorld:
2048-ci ildə "Şahdəniz" yatağı hələ də böyük potensiala malik olacaq.
TurkicWorld xəbər verir ki, bunu bp şirkətinin AÇG yatağının yerin təkindən istifadə bölməsinin rəisi Əfqan Hüseynov Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu İllik Xəzər Texniki Konfransında deyib.
""Şahdəniz" yatağını 2006-cı ildə istismara vermişik. Həmin vaxtdan mühüm həcmdə qaz hasil edərək qonşu və Avropa bazarlarına tədarük edirik. İnanırıq ki, 2048-ci ildə Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) müddəti bitdikdə yataq hələ də böyük potensiala sahib olmaqla regional və dünya bazarlarına töhfə verəcək", - o deyib.
Qeyd edək ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).