İğdır-Naxçıvan qaz kəmərinin Naxçıvan MR-in enerji təhlükəsizliyində mühüm rolu var – İlham Şaban (ÖZƏL)

İğdır-Naxçıvan qaz kəmərinin Naxçıvan MR-in enerji təhlükəsizliyində mühüm rolu var – İlham Şaban (ÖZƏL)

Bakı. TurkicWorld:

İğdır-Naxçıvan qaz kəmərinin əsas vəzifəsi Azərbaycanla ümumi sərhədi olmayan Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyindəki roludur, yəni sərt iqlimə malik regionun qaz təminatıdır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib.

“Bundan əlavə, Naxçıvanda İstilik Elektrik Stansiyası (İES) var, təbii qaz, həmçinin, elektrik enerjisinə çevrilir və Naxçıvanın stabil şəkildə elektrik enerjisi təminatında mühüm rol oynayır. Digər tərəfdən, Naxçıvanda həm hidro, həm də Günəş Elektrik Stansiyasının olmasına baxmayaraq, bunlar dayanıqlı enerji mənbəyi hesab edilmir. İstilik Elektrik Stansiyasından isə turbinlərin imkanları daxilində qazın stabil nəqli zamanı istənilən zaman, istənilən həcmdə elektrik enerjisi hasil etmək mümkündür”, - deyə İ.Şaban qeyd edib.

Bundan əlavə, ekspert 2005-ci ilin noyabr ayından Azərbaycanın İranla əməkdaşlığına baxmayaraq, nə üçün Türkiyə üzərindən belə bir layihə həyata keçirməsinin səbəbini açıqlayıb.

“İranın xidmət haqqı çox yüksəkdir. Hətta Azərbaycanın Türkiyə və Gürcüstan üzərindən Naxçıvana qaz nəql etməsi bu xərcdən daha az ola bilər. Azərbaycanın bu məsələ ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, İran tərəfi rəsmi Bakının tələblərini həyata keçirməyib. Bu baxımdan, Azərbaycan 2020-ci ilin 15 dekabr tarixində İğdır-Naxçıvan boru kəməri ilə bağlı ilk addımını atdı və Türkiyə ilə memorandum imzalandı. İran isə vəziyyəti yumşaltmaq əvəzinə daha da gərginləşdirdi”, - deyə ekspert vurğulayıb.

O hesab edir ki, layihə təkcə Türkiyə və Naxçıvan arasında yaradılan infrastruktur deyil.

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də bildirdiyi kimi, Zəngəzur dəhlizi reallaşdırılanda təkcə avtomobil və dəmir yolu deyil, həm də enerji dəhlizi olacaq. Bu, Cənubi Qafqaz ətrafında Azərbaycanın enerji dəhlizi olacaq. Azərbaycanın məqsədi təkcə yaxın və orta perspektivdə deyil , gələcək üçün də addımlar atmaqdır”, - deyə İ.Şaban əlavə edib.

Qeyd edək ki, 25 sentyabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla birgə çıxış ediblər. R.T.Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib.

Ləman Əsədli

Twitter: lamanasadli01